Azərbaycan

 

13 aprel 1909 – Əməkdar artist, teatr və kino aktyoru Süleyman Məşədi İsmayıl oğlu Tağızadə (1909 – 12.9.1960) Gəncədə doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərə çəkilib. 

13 aprel 1917 – Əməkdar incəsənət xadimi, kinooperator Arif Əmir oğlu Nərimanbəyov (1917 – 16.5.1992) anadan olub. Çəkdiyi filmlər: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi” və s.

13 aprel 1922 – Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı, Əməkdar artist Aida Həmdulla qızı Abdullayeva (1922-2010) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.

13 aprel 1929 – Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 – 30.10.1992) Naxçıvan şəhərində anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.

 

14 aprel 1870 – Görkəmli yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 – 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı təşkil edib. “Nadanlıq”, “Nadir şah”, “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri (1920-1922) olub.

14 aprel 1907 – Xalq artisti Fatma Qədir qızı Qədri (1907 – 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.

14 aprel 1952 – Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafa oğlu Mustafayev (1952 - 20.11.1991) Qazax rayonunda doğulub.

14 aprel 1970 – Əməkdar artist Qaflan Məmmədrza oğlu Muradov (1890-1970) vəfat edib. Ağdam, Füzuli Dram teatrlarının aktyoru olub.

 

15 aprel 1892 – Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892 – 19.2.1983) anadan olub.

15 aprel 1905 – Məşhur memar, akademik Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Kino Mərkəzi, Bakı Musiqi Akademiyası və s. tikililərin layihələndirilməsində iştirak edib.

15 aprel 1907 – Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1907 – 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. “Koroğlu” operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.

15 aprel 1912 – Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912-1990) anadan olub.

15 aprel 1928 – Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928-1979) Marağa şəhərində doğulub.

15 aprel 2010 – Tanınmış aktyor, Xalq artisti Telman Adıgözəlov (17.7.1953 – 2010) vəfat edib. Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, filmlərdə çəkilib.

 

Dünya

 

13 aprel 1883 – Rus bəstəkarı və dirijoru Aleksandr Aleksandrov (1883-1946) anadan olub. Keçmiş SSRİ-nin himninin musiqisinin vətənpərvərlik mahnılarının (“Müqəddəs müharibə” və s.) müəllifidir.

13 aprel 1906 – İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. Absurd teatrının yaradıcılarındandır. Əsərləri: “Qodonun intizarında”, “Oyunun sonu” (pyes), “Molloy”, “Adsız” (roman). Bəstəkar Fərəc Qarayev yazıçının “Qodonun intizarında” əsərinə musiqi yazıb.

 

14 aprel 1925 – Amerika aktyoru, “Oskar” mükafatçısı Rod Stayger (Rodney Stephen Steiger; 1925-2002) anadan olub.

14 aprel 1930 – Litva kinorejissoru Vitautas Jalakyaviçus (1930-1996) anadan olub. Rejissorun “Bu şirin söz – azadlıq” filmində azərbaycanlı aktyorlar da çəkilib.

 

15 aprel 1452 – İtalyan rəssamı, heykəltəraş, memar, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci; 1452 – 2.5.1519) Florensiyada doğulub. Məşhur əsərləri: “Mona Liza” (“Cokonda”), “Sonuncu şam” və s.

15 aprel 1489 – Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1489 – 7.2.1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi, körpülər və s. tikililərin müəllifidir.

15 aprel 1931 – İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2011) Tomas Tranströmer (Tomas Gösta Tranströmer; 1931 – 26.3.2015) anadan olub.

Hazırladı: Vüqar Orxan