Rənglərin mövcudluğu işıqda sübut olunur. Gecənin zülmətində ilahinin yaratdığı ən mükəmməl tablo adlandırdığımız dünya bir rəngdə görünür. Günəşin işığında isə dünyanın min bir rəngə boyanmış gözəlliyi gözlərimizə rənglərin dili ilə öz musiqisini “dinlədir”.
Rəssamın yaradıcılığının cövhərini məhz rənglər təşkil edir. O rəssam bəxtəvər sənətkardır ki, göy qurşağının 7 rəngindən min bir rəng çaları yaradır, tablolarında gördüyümüz gözəllikləri yeni biçimdə göstərməyə müvəffəq olur. Yuran Məmmədov məhz rənglərin möcüzəvi estetik dilini bilən rəssamlardan olub. Cəmi 50 il ömür sürən rəssam fitri yaradıcılıq qabiliyyəti sayəsində ölümsüzlük qazanıb.
Yuran Əli oğlu Məmmədov (1934-1984) Naxçıvan şəhərində, qədim Şahab məhəlləsində anadan olub. Orta təhsilini Naxçıvanda alıb. Rəssamlığa olan maraq onu Bakıya, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna gətirir. Burada Azərbaycanın tanınmış rəssamları Hafiz Məmmədov, Əyyub Hüseynov və Əyyub Məmmədovdan sənətin sirlərini böyük həvəslə öyrənir. 1955-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirən gənc rəssam Naxçıvana qayıdıb iki il şəhər məktəbində müəllim işləyir.
Rəssamlığa sonsuz sevgi ilə o, ali təhsil almaq üçün Sankt-Peterburq şəhərinə yollanır. İ.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna qəbul olunan (1957) Y.Məmmədov burada SSRİ Xalq rəssamı V.Oreşnikovun sinfində təhsilini davam etdirir. Rəssam 1962-ci ildə təhsilini bitirib bir müddət Sankt-Peterburqda qalır, “Lenfilm” studiyasında və Puşkin adına Akademik Dram Teatrında rəssam assistenti vəzifəsində işləyir. Bədii yaradıcılıq təcrübəsinə yiyələnən rəssamı doğma yurda sevgisi bir an belə rahat buraxmır. O, Naxçıvana dönərək ömrünü bu diyara bağlayır.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 20 ilə yaxın fəaliyyət göstərən Y.Məmmədov yüksək rəssamlıq şövqü ilə bir çox səhnə əsərlərinin bədii tərtibatını hazırlayır. Rəssamın uğurlu teatr dekorasiya işlərindən C.Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, C.Cabbarlının “Oqtay Eloğlu”, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, Ş.Qurbanovun “Sənsiz”, H.Razinin “Günəş” və başqa səhnə əsərlərini göstərmək olar.
1970-ci ildən Rəssamlar İttifaqının üzvü olan Y.Məmmədovun sağlığında əsərlərindən ibarət fərdi sərgisi keçirilməyib. 50 illik yubileyi münasibətilə fərdi sərgisini təşkil etmək istəyən rəssama bu nəsib olmur.
Y.Məmmədov dəzgah rəssamlığı sahəsində bir çox uğurlu süjetli tablo, portret və mənzərə əsərləri yaratmışdır. O, əsərlərini yağlı boya və tempera texnikasında işləmişdir. Əsərlərini seyr etdikcə onun kamil kolorit ustası, rənglərin estetik mahiyyətini və qüvvətli təsir gücünü dərindən duyan istedadlı rəssam olduğunu əminliklə söyləmək olar. Əcəl rəssamın ömrünü tez bitirməsə idi, müdrik çağlarında neçə-neçə bitkin sənət əsərləri yaradacaqdı. Rəssamın süjetli tablolarından “Mənim ailəm” (1980), “Naxçıvan XII əsrdə” (1982), “Xalça toxuyanlar” (1982), “Dağlarda inşaatçılar” (1983), “Tütək səsi” (1984) və digərlərini qeyd etmək olar.
“Mənim ailəm” əsərində dağlar qoynunda yerləşən Naxçıvanın mənzərəsi fonunda rəssam ailəsi ilə eyvanda, masa ətrafında əyləşib. Əsər mükəmməl kompozisiya quruluşuna və kolorit həllinə malikdir. Arxa fonunda Yusif Küseyir oğlu türbəsinin təsviri diqqəti cəlb edir. Əlində fırça tutmuş rəssamın fikirli nəzərləri tamaşaçıya zillənib. Samovar və masa üzərində kəsilmiş qarpız təsviri əsərin süjet xəttinin açılmasını şərtləndirir. İsti yay günlərindən birində rəssamın ailə üzvləri ilə istirahət etdiyi məqam canlı təbiət lövhələri ilə ahəngdar biçimdə əks olunub.
“Naxçıvan XII əsrdə” tablosu sanki ulu diyarın rənglərlə bəstələnmiş simfoniyasıdır. Nuh əyyamı, Əshabi-kəhf möcüzəsi, Əcəmi xilqəti, Möminə xatın şöhrəti, qədim İpək Yolu, yüklü dəvə karvanları, nağıl kimi şirin tarixi səhnələr əsərə tamaşa edərkən adamın gözləri önündə canlanır.
“Tütək səsi” adlı əsər də yüksək bədii-estetik məziyyətləri ilə seçilir. Rəssamın süjetli tablolarında mənzərə təsvirinin dominantlıq təşkil etməsi müşahidə olunur. Kompozisiyada açıq təbiət qoynunda, ağacların kölgəsində əsasına söykənən, qayğılı baxışlı qoca nəvələri ilə və ondan bir qədər solda milli geyimli qadın təsvir olunub. Nəvələrdən biri tütək çalır. Süjetdə kənd həyatının bütün incəlikləri vahid tabloda əksini tapıb. Təbii ki, bu məziyyət rəssamın ustalığından irəli gəlir.
Y.Məmmədov yaradıcılıq dövründə yaddaqalan portret və mənzərələr qalereyası yaratmışdır. “Xəyala dalmış qız” (1978), “Həyat yoldaşı” (1979), “Sevil” (1981), “Səhər” (1982), “Poeziyanın sehrli dünyası. Hüseyn Cavid” (1982), “Qadın” (1984), “Toğrul dünyası” və başqa portret əsərlərində rəssam qəhrəmanlarının daxili mənəvi dünyalarına nüfuz etmiş, onların hiss və həyəcanlarını ustalıqla göstərə bilmişdir.
Rəssam “Poeziyanın sehrli dünyası” əsərində Hüseyn Cavid dünyasını, onun həyat və yaradıcılığının facisini və dramatikliyini şairin mənalı çöhrəsində və onu əhatələyən fonda əsl reallığı ilə təsvir edib, göstərmişdir. Bu tablo şairə həsr edilmiş ən uğurlu əsərlərdən biridir. Hüsnü xuda şairi H.Cavidin yaradıcılıq dünyası və şairin həyat faciəsi qəhrəmanın surətinə və əsərin rəng qammasına hakimdir. Koloritin kontrastlığı məzmunun dramatikliyini daha da qüvvətləndirir.
Y.Məmmədov SSRİ Xalq rəssamı Toğrul Nərimanbəyov və Xalq yazıçısı Anarla yaxın dost olub. “Toğrul dünyası” adlı əsərində o, T.Nərimanbəyovu öz emalatxanasında, Anarın portreti ilə birgə təsvir edib. Rəssam dostu T.Nərimanbəyov haqqında müsahibələrinin birində deyirdi: “Cəsarətlə deyə bilərəm ki, hamıdan əvvəl Toğrula borcluyam. Muxtar respublikamızın 50 illik yubileyi ərəfəsində Toğrulla birgə yaradıcılıq fəaliyyətim mənə çox şeylər öyrətdi. Onun yaradıcılıq yolu mənim üçün ilham mənbəyi, əsl sənətkarlıq məktəbi oldu...”.
“Qədim, ulu Naxçıvan torpağı mənim əbədilik mövzumdur. Dağlar, yamaclar, yaşıl meşələr məni gözləyir” deyən rəssam bu torpağın təbiətini öz palitrasında sevə-sevə təsvir etməkdən doymayıb. “Dağlarda mart” (1976), “Rəsədxananın həyəti” (1980), “İlk şüa” (1981), “Dağlarda payız” (1982), “Camışlar” (1983), “Günorta” (1984) “Nəiminin qəbri” və başqa mənzərələri bu qəbildəndir. Y.Məmmədovun mənzərələrində elə bil Naxçıvanın havası, bu diyarın təbiətinin yetirdiyi min bir nemətin rayihəsi duyulur. Doğrudan da, o əsl rəssam olaraq bərəkətli torpağın misilsiz guşələrini, ülvi gözəlliklərini rəssam təxəyyülü ilə kətanda canlandırmışdır. Y.Məmmədov Naxçıvanı qarış-qarış gəzmişdi, müşahidə etmişdi, görüb duymuşdu, özü də ən yaxın dostu, yaradıcı həmkarı Səttar Bəhlulzadə ilə birlikdə.
Yazıçı Anar “Bir dostum vardı” adlı xatirə yazısında rəssam haqqında yazır: “Sən bu torpağı sevirdin, onun təkrarsız mənzərələrini sevirdin, zəhmətkeş adamlarını sevirdin, keçmişini sevirdin, bu gününü sevirdin. Sevirdin və sevdiklərini kətan üzərində tərənnüm edirdin...”.
Şübhəsiz ki, Y.Məmmədov yaradıcılığı öz gücünü Azərbaycanın qədim xalça sənətindən, təsviri sənətimizdən almışdır. Onun palitrası xalçalarımızın, miniatür sənətimizin əlvan rənglər qammasını, lokal rəng keçidlərini özündə yaşadır, yaşatdıqca da rəssamın adını yaşatmış olur.
Əsəd Quliyev
sənətşünas, AMEA-nın dissertantı