Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsinin növbəti tədbiri görkəmli xanəndə, Xalq artisti Seyid Şuşinskiyə (1889-1965) həsr olundu. “Seyid Şuşinski – ustad-xanəndə, böyük müəllim” adlı tədbir xanəndənin doğulduğu tarixdə –  aprelin 12-də reallaşdı.

Tədbirdə Seyid Şuşinskinin tələbəsi Nəriman Əliyevin konsertmeysteri kimi çalışmış Xalq artisti, professor Möhlət Müslümov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Arif Əsədullayev, “Seyid Şuşinski” sənədli filmində xanəndənin gənclik obrazını yaratmış Əməkdar müəllim Qəzənfər Abbasov, Əməkdar artist, tarzən Valeh Rəhimov və digər sənət adamları iştirak edirdilər.

Çıxışlarda vurğulandı ki, zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən tanınmış simalarından olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış sənətkardır.

Xalq artisti Möhlət Müslümov Nəriman Əliyevlə birgə çalışdığı dövrdə xanəndənin öz ustadı Seyid Şuşinskidən öyrəndiklərini dəqiqliklə tələbələrinə çatdırdığını dedi. Bildirdi ki, bu gün də muğam dərsləri əsasən həmin dövrdə Seyid Şuşinski tərəfindən tərtib edilən tədris proqramına uyğun şəkildə həyata keçirilir.

Professor Arif Əsədullayev çıxışında dedi: “Ağa” deyərək müraciət etdiyimiz Seyid Şuşinski uzun illər dayım Nəriman Əliyevin evində yaşayıb. Mən 14 yaşımdan ustad xanəndəni tanımışam”.

Əməkdar artist Valeh Rəhimov Seyid Şuşinski ilə ilk dəfə tanışlığından danışaraq həmin gün eşitdiyi ifa ilə bağlı fikirlərini bölüşdü.

Xanəndə haqqında sənədli filmin rejissoru Kəmalə Musazadə ekran işinin çəkilişləri və filmdə xanəndənin gənclik obrazını yaradan Əməkdar müəllim Qəzənfər Abbasov rolun məsuliyyəti ilə bağlı təəssüratlarını dilə gətirdilər.

Layihənin konsert hissəsində Xalq artisti Aygün Bayramova, BMM-in solistləri Əməkdar artist İlkin Əhmədov və xanəndə Məmməd Nəcəfovun ifaları təqdim olundu. Xanəndələri Xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) müşayiət edirdi.

Qeyd edək ki, “Dəyirmi masa” layihəsinin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru isə filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır.

L.Azəri