Zamanın səhifələrində qalan olaylar, faktlar...
110 il əvvəl...
17 aprel 1912-ci ildə Rusiyada “Lena gülləbaranı” baş verib. Lena çayı sahilində qızıl mədənlərində çalışan fəhlələrin 8 saatlıq iş günü və əməkhaqlarının 30 faiz artırılması tələbi ilə keçirdikləri etiraz aksiyasının silah gücünə yatırılması nəticəsində 270 fəhlə həlak oldu. “Lena gülləbaranı”ndan sonra Rusiyada inqilabi əhval söndü, əksər inqilabçılar, o cümlədən Vladimir Lenin mühacirətə (1917-ci ilədək) getməli oldular.
95 il əvvəl...
18 aprel 1927-ci ildə Çin ordusunun baş komandanı Çan Kayşi hərbi çevriliş edərək sosialist təmayüllü Sun Yatsen hakimiyyətini devirib. Çində Çan Kayşi diktaturası 1949-cu ilədək davam etdi və Çin xalq inqilabı ilə devrildi. Özünü generalissimus elan etmiş Ç.Kayşi ABŞ-ın nəzarətində olan Tayvana qaçdı.
76 il əvvəl...
17 aprel 1946-cı ildə Suriya müstəqilliyini elan edib. 1516-1918-ci illərdə Osmanlı imperiyasının tərkibində olan Suriya daha sonra Fransa və Britaniyanın mandatı ilə idarə olunurdu. 1958-ci ildə Suriya Misirlə birləşərək Birləşmiş Ərəb Respublikasını yaratdı, 1961-ci ildən yenidən ayrıca dövlət oldu.
73 il əvvəl...
18 aprel 1949-cu ildə İrlandiya adasının cənubu Britaniya Birliyindən ayrılaraq İrlandiya Respublikası kimi müstəqilliyini elan edib. XII əsrdə ingilislər tərəfindən işğal edilən İrlandiya dəfələrlə müstəqillik mübarizəsinə başlayaraq ingilislərlə müharibə etmişdi. 1914-cü ildə İrlandiya Britaniya tərkibində muxtariyyət əldə etmiş, 1921-də isə Cənubi İrlandiya Britaniya Birliyi tərkibində dominion (nisbi özünüidarə) statusu almışdı. İrlandiya Respublikasının elan olunması ilə ada iki yerə bölündü və Şimali İrlandiya muxtar özünüidarə statusu ilə Londonun nəzarətində qaldı.
69 il əvvəl...
18 aprel 1953-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi yaradılıb. Yeni nazirlik Kinematoqrafiya Nazirliyi, Mədəni-Maarif Müəssisələri Komitəsi, Radio Komitəsi, İncəsənət İşləri İdarəsi, Poliqrafiya Sənayesi, Nəşriyyat və Kitab Ticarəti İşləri İdarəsinin birləşdirilməsi nəticəsində təşkil edilib. Bundan öncə 15 mart 1953-cü il tarixdə SSRİ Mədəniyyət Nazirliyi yaradılmışdı.
61 il əvvəl...
16 aprel 1961-ci ildə Kuba lideri Fidel Kastro ölkənin sosializm inkişaf yolunu tutduğunu bəyan edib. Kuba bu gün də bu yolu davam etdirir.
50 il əvvəl...
19 aprel 1972-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) musiqiçi kadrlar hazırlamaqda xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib.
47 il əvvəl...
17 aprel 1975-ci ildə Kambocada kommunist çevrilişi olub. Hakimiyyətə Pol Pot başda olmaqla “Qırmızı kxmerlər” diktaturası gəlib. Pol Potun 3 illik hakimiyyəti dövründə ölkə əhalisinə qarşı dəhşətli repressiyalar həyata keçirilmiş, 2 milyon adam (əhalinin hər 4 nəfərindən biri) məhv edilmişdi.
30 il əvvəl...
16 aprel 1992-ci ildə Əfqanıstanda sovetyönümlü hakimiyyətə son qoyulub. Prezident Məhəmməd Nəcibulla mücahid qruplaşmaları tərəfindən devrilib. Nəcibulla bir neçə ay BMT-nin Kabildəki nümayəndəliyində sığınacaq tapsa da, mücahidlərin ən radikal qanadı olan “Taliban” tərəfindən ələ keçirilərək Kabilin mərkəzində asıldı.
23 il əvvəl...
17 aprel 1999-cu ildə Azərbaycan neftini dünya bazarına çıxaran ilk boru xətti – Bakı-Supsa (Gürcüstan, Qara dəniz) kəməri istismara verilib. 827 km uzunluğunda olan və sutkalıq nəql həcmi 105 min barrel (ildə 5 milyon ton) olan kəmər “Əsrin müqaviləsi” çərçivəsində istehsal olunan “ilkin neft” üçün nəzərdə tutulmuşdu. Kəmərin tikintisi 590 milyon dollara başa gəlmişdi.
21 il əvvəl...
18 aprel 2001-ci ildə Azərbaycanda dövlət idarəçiliyində struktur islahatları ilə bağlı yeni nazirliklər – Yanacaq-Energetika Nazirliyi (hazırda Energetika Nazirliyi), Gənclər, İdman və Turizm Nazirliyi (hazırda Gənclər və İdman Nazirliyi) yaradılıb.
Hazırladı: V.Orxan