“Biri vardı, biri yoxdu” ilə başlayır bütün nağıllar. Hər birinin də sonunda bir ümid, inam, nikbinlik olur. Həyata, yaşamağa, yaratmağa, sevməyə, mübarizəyə səsləyir o nağıllar və biz nə qədər böyüsək də, onların şirinliyində, sehrində qalırıq.
Ömrünü sənətə, səhnəyə, yaradıcılığa həsr edən və bunun müqabilində kimsədən umacağı olmayan, öz hücrəsinə çəkilib vurğunu olduğu teatra sevgi və sədaqətini səhnədən-səhnəyə, ölkədən-ölkəyə daşıyan az adam tapılar. O da zamanımızın teatr fədaisi, sənət dərvişi hesab olunacaq insanlardandır. İllədir yaşadığı Estoniyada Azərbaycan teatrını, kukla sənətini çətinlikləri dəf edərək, sevgi ilə tanıdan Rauf Avşarov. Tallin şəhərində 26 ildir fəaliyyət göstərən “Avşar” kukla teatrının yaradıcısı, Azərbaycanın Əməkdar artisti...
Ömrünün 70-ci dayanacağından tamaşaçılarına əl yelləyən teatr sevdalısı nağıllarla iç-içə bir sənət həyatı yaşayıb.
Onunla internet üzərindən (sosial şəbəkədə ünsiyyətdə olduğum ömür-gün yoldaşı, sənət dostu Xatirə Avşarovanın köməkliyi sayəsində) qurulan qısa söhbətimizdə maraqlı bir detal diqqətimi cəlb etdi. Ona görə, dünyanın ən müqəddəs işi uşaqları sevindirmək və onları sənətlə sehrləməkdi. Bilirəm, “zamanə uşaqları” dediyimiz texnologiya əsrinin yetirmələri ilə buna nail olmaq elə də asan deyil. Amma o, böyük sevgi və ən əsası da inam ilə bunu edir. Təbii ki, peşəkarlıq, sənətə sevgi, genetik kod kimi istənilən amili arqument kimi önə çəkmək olar. Məncə, o, düzəltdiyi, oynatdığı, hərəkətə gətirdiyi kuklalara, onların “can”lı olmasına ən əvvəl özü inanır. Belə olmasaydı, səhnələşdirdiyi nağıl-tamaşalar belə maraqlı, inandırıcı, əyləncəli olmazdı. Sözsüz ki, bunların ən başında gördüyün işə sevgi və bağlılıq durur.
Qəribliyin ruhuna hopduğunun hiss olunduğu söhbətdə də o, yeni səhnə işləri, Azərbaycan teatrını, onun vasitəsilə ədəbiyyatı və mədəniyyətini sevdirməklə bağlı istək və arzularını dilə gətirdi, teatrından, böyük çətinliklərə müqavimət göstərən kiçik yaradıcı heyətlərindən bəhs etdi: “Müstəqil teatr yaratmaq və yaşatmaq elə də asan deyil. Xüsusən də başqa ölkədə. Düzdür, artıq bura da bizə doğmadır. Amma Vətən də ana kimi təkrarsız, müqayisəsiz sevgi ünvanıdır və mən onu ötən hər anımda daha böyük məhəbbətlə sevir və təbliğ etməyə çalışıram.
Yaş ötdükcə, zaman atını daha cəld çapdıqca ömür, ötüb-keçən illər də ilğım kimi beynindən keçir və səni bir az amansız, bir az da şirin suallarla baş-başa qoyur. Bu məqamda yeganə təsəlli və sevinc mənbəyi sevdiyin işlə məşğul olmaq, bununla insanlara yararlı olduğunu hiss etdirməkdir. Ömrümün 70-ci səhifəsində mənim də təsəllim, qürurum məhz budur. Təbii ki, bu, təkcə mənim əməyim deyil. Bu illər ərzində mənə ən böyük dəstək nümayiş etdirən sənət dostum Xatirə Avşarovadır. Mənim emalatxana divarlarına, tək tamaşaçılıq nümayişlərə qapanmağıma mane olub, bütün layihələrimi, səhnə, sənət nümayişlərimi çoxluğun önünə çıxarıb, kütləvi tamaşaçı ilə görüşdürüb...”.
1952-ci il aprelin 17-də Xalq artisti Muxtar Avşarovun ailəsində dünyaya göz açan Rauf uşaqlıqdan teatra bağlı olub. Atası ilə tez-tez teatra gedər, səhnə arxasında saatlarla dayanıb yaradıcılıq prosesini izləməkdən zövq alarmış. Atasının iştirak etdiyi kino çəkilişi meydançaları da diqqətini cəlb edirdi. Amma teatr sevgisi daha üstün idi və beləcə, o, ömrünü teatra həsr edir. Baxmayaraq ki, 1969-cu ildə ekranlaşdırılan “Dəli Kür” filmində epizodik rol da oynamış, bundan sonra uşaq filmlərində çəkilmək üçün dəvət də almışdı. Amma atası sənətin çətinliyini yaxşı bildiyindən buna heç cür razılıq vermir. Oğlunu başqa sahə ilə məşğul olmağa sövq edir.
Bunun nəticəsi kimi Rauf Avşarov 1979-cu ildə indiki ADPU-nun Bədii qrafika fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra Tallinə köçür. Orta məktəblərin birində pedaqoq kimi çalışan Raufu teatr sevgisi də qarabaqara izləyir. Tanınmış kukla rejissorlarından birinin kursuna gedir, sənətin incəliklərini öyrənməyə və tətbiq etməyə başlayır.
Dərs dediyi məktəbdə istedadlı uşaqları ətrafına toplayaraq maraqlı tamaşalar hazırlayır, məhdud auditoriya qarşısında olsa da, çıxışlar edir. Zamanla bütün bu məşğuliyyətin onda dərin iz buraxdığını anlayan kuklaçı 1996-cı ildə özünün müstəqil teatrını yaradır.
Teatrın repertuarını formalaşdırıb, aktyor truppasını genişləndirdikcə pedaqoqluqdan da ayrılır və bütün fəaliyyətini teatra bağlayır.
Hazırda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin qismən dəstəyi ilə fəaliyyətini davam etdirən “Avşar” kukla teatrı müxtəlif ölkələrdə festival və qastrollarda iştirak edib. Rauf və Xatirə Avşarovlar Azərbaycanda keçirilən kukla teatrı festivallarına da böyük həvəslə qatılıb, eləcə də respublikamızda müxtəlif kukla teatrlarında rəngarəng mövzulu tamaşalar hazırlayıblar.
“Olduğum hər yerdə təqdimatımdan öncə Vətənimin adı çəkilir, “Azərbaycanın Əməkdar artisti” sözləri deyilir. Məhz bu məni ən çox qürurlandıran məqamdır və buna görə bütün çətinliklərə rəğmən teatrımızın yaşaması, daha çox tamaşaçıya yetməsi üçün əlimizdən gələni edirik. Bu, bu, mənim, Xatirə xanımın yox, Azərbaycanın, onun mədəniyyətinin adıdır və bu, bizim məsuliyyətimizi daha da artırır” – deyən yubilyarın arzusu yeni səhnə nümunələrini estoniyalı uşaqlarla yanaşı azərbaycanlı balaca tamaşaçılara da göstərmək, yenidən Vətəndə olmaq, paytaxt və bölgələrdə teatrsevərlərlə görüşməkdir.
Avropada ilk Azərbaycan kukla teatrının yaradıcısı indiyədək ərsəyə gətirdikləri tamaşalar barədə də danışmağı unutmadı: “Hazırladığımız səhnə işləri arasında Azərbaycanın xalq nağılları, klassik və müasir ədəbi nümunələri daim üstünlük təşkil edib. Bu mənada Qız qalası əfsanəsi əsasında pantomima tamaşa, “Şah və bostançı”, “Ağ daşın sirri”, “Cırtdan”, “Məşədi İbad”, “Üç keçi”, “Şahın başı hardadır?”, “Ölüm rəqsi”, “Sinema”, “Məhəbbət hekayəsi” kimi tamaşaları xüsusilə vurğulamaq istərdim”.
Hazırda Azərbaycan rəssamlarının miniatürləri əsasında tamaşa hazırladıqlarını deyən R.Avşarov Nizaminin “Xəmsə”sinə də müraciət edəcəklərini deyir.
Həmsöhbətim eston tamaşaçıları ilə yanaşı orada yaşayan teatr həvəsli həmyerlilərimizdən də söz açdı: “Burada teatra sevgi, maraq yüksəkdir və bu, uşaqlara çox erkən yaşlarından aşılanır. Tamaşaçılar arasında iki yaşından da kiçik uşaqları görərkən, təbii ki, maraq və həsəd məni götürürdü. Amma sevinirəm ki, bizim teatra burada yaşayan həmvətənlərimiz də böyük həvəslə gəlirlər, eləcə də ölkə daxilində bizi müxtəlif şəhərlərə dəvət edirlər. Bu, bizi həm sevindirir, həm də məsuliyyət hissimizi artırır. Axı biz təkcə özümüzü yox, həm də hamımızın doğma vətənini təmsil edirik. Mənə elə gəlir ki, bundan böyük sevinc yoxdur...”.
Həmidə Nizamiqızı