“Autizm aylığı” çərçivəsində elmi-praktik seminar
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən aprelin 12-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “İncəsənət ruhu oyadır” adlı elmi-praktik seminar təşkil olunub. Seminarın məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəniyyət və incəsənət vasitəsilə cəmiyyətə adaptasiya edilmələri üçün geniş şərait yaratmaqdır.
Tədbirin əvvəlində Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova və Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli çıxış ediblər. S.Xələfbəyli qeyd edib ki, autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiya olunması prosesində, habelə sözügedən uşaqlarda müxtəlif bacarıqların inkişaf etdirilməsində bir sıra qurum və mütəxəssislərin müştərək fəaliyyət göstərməsi çox önəmlidir.
Seminara hökumət və qeyri-hökumət təşkilatlarının, müxtəlif qurumların nümayəndələri qatılıblar. Ombudsman Aparatı Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova, Sosial Xidmətlər Agentliyi Sosial müəssisələrlə iş departamentinin müdir müavini Sara Ağayeva, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə çıxış ediblər.
Təhsil İnstitutunun Elmi katibliyin xüsusi və inklüziv təhsil üzrə mütəxəssisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə İmanova, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Kamran Salayev, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, Azərbaycan Tibb Universiteti Psixiatriya kafedrasının əməkdaşı, “Nəfəs” psixonevroloji sağlamlıq akademiyasının təsisçisi İkram Rüstəmov və Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun çıxışları da dinlənilib.
Mütəxəssislər qeyd ediblər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların digər insanlardan fərqləndirilməməsi, onların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşaması, cəmiyyətə inteqrasiya olunması, komplekslərdən qurtulması üçün əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün mütəmadi olaraq onlarla ünsiyyətdə olmaq, ehtiyaclarını öyrənmək, mənəvi cəhətdən yardım göstərmək, onları dinləməyə və anlamağa çalışmaq lazımdır.
Ekspertlər onu da bildiriblər ki, autizm spektr pozuntusu olan insanların, xüsusilə uşaqların cəmiyyətə tam və bərabərhüquqlu inteqrasiyası üçün geniş ictimaiyyət arasında müəyyən təbliğat xarakterli işlərin aparılması çox vacib məsələdir.
Tədbirdə Mədəniyyət Nazirliyinin autizm spektr pozuntusu diaqnozu müəyyən edilmiş insanların cəmiyyətə inteqrasiya olunması prosesinə göstərdiyi diqqət və marağın son dərəcə önəmli olduğu qonaqlar tərəfindən xüsusilə vurğulanıb.
Seminarın bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Əlisahib Bayramovun, “Mavi ürəklər” xor qrupunun (fortepianoda müşayiət: Arzu Səmədqızı) ifaları dinlənilib. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin ekspozisiyasına, tematik videoçarxına və autizm spektr pozuntusu olan uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar. Sonda qonaqlar “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən reabilitasiya mərkəzinin dəstəyi ilə autizm spektr pozuntusu olan uşaqlar tərəfindən hazırlanan müxtəlif təamları dadıblar.