F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Oxu saatı” layihəsi üzrə növbəti görüş keçirilib. Aprelin 15-də Bakı Kitab Mərkəzinin uşaq guşəsində gerçəkləşən görüşün qonağı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları, Əməkdar artist Elnur Kərimov və Elşən Hacıbabayev olub.

Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri iştirak ediblər.

Elnur Kərimov şagirdlər üçün dünya xalqlarının müxtəlif nağıllarını oxuyub. Nağılları sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə “Səssiz Ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin jest dili təlimçisi Könül Quliyeva tərcümə edib. Nağıllar uşaqların böyük marağına səbəb olub.

Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayev isə uşaqlarla birlikdə Abdulla Şaiqin şeirlərini səsləndirib.

Qeyd edək ki, tədbirin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarının təmin olunmasıdır. Bədii qiraət vasitəsilə uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı, kiçikyaşlı oxucuları kitaba və mütaliəyə həvəsləndirmək də tədbirin əsas məqsədlərindəndir.