Gürcüstanın mədəniyyət xadimləri, ekoloq, türkoloq və blogerlərdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri haqqında xəbər vermişdik. Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə gerçəkləşən səfər ölkəmizin işğaldan azad edilmiş əraziləri ilə tanışlıq məqsədi daşıyır.

Nümayəndə heyəti Füzuli, Cəbrayıl, Şuşa və Ağdam şəhərlərinə səfər edərək 30 illik işğal zamanı ermənilər tərəfindən törədilən vandalizmlə tanış olublar.

Daha sonra Gəncə şəhərinə səfər edən gürcü qonaqlar İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər. Qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov qarşılayıblar.

Niyazi Bayramov Ermənistanın Gəncə şəhərində törətdiyi terror barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 130-dan çox dinc sakin isə yaralanıb. Qonaqlar Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə yerində tanış olub, həlak olan mülki şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq əraziyə tər çiçəklər düzüblər.

Gəncə Dövlət Dram Teatrına gələn nümayəndə heyəti sənət ocağının yeni istifadəyə verilən binası və Gəncə Teatr Muzeyində sərgilənən eksponatlarla tanış olublar. Sonra gürcüstanlı ifaçılar Gəncənin mədəniyyət xadimləri ilə birlikdə teatrın səhnəsində konsert proqramı ilə çıxış ediblər. Konsert zamanı Gürcüstanın xalq mahnı və rəqsləri ilə yanaşı, qonaqlar tərəfindən Azərbaycan xalq mahnısı “Sarı gəlin” və bəstəkar Qəmbər Hüseynlinin “Cücələrim” mahnısı ifa olunub. Nizami Gəncəvinin sözlərinə yazılmış romanslar, xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Gürcü ifaçıları Xalq artistləri Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Murad Adıgözəlzadə, Əməkdar müəllim Naibə Şahməmmədova müşayiət ediblər. Qonaq musiqiçilərə gəncəli sənətçilər – Xalq artisti Sevinc İbrahimova, Zenfira Zeynalova, Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova da qoşulub. Azərbaycan və gürcü dillərində mahnılar səslənib.