Abdulla Şaiqin Mənzil-Muzeyində “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi ilə birgə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və “Şuşa İli” çərçivəsində “Şuşa abidələri – tariximizin silinməz izləri” adlı tədbir keçirildi.

Aprelin 15-də gerçəkləşən tədbirdə “Aytam” İctimai Birliyinin sədri Aygün Zamanlı, birliyin üzvləri, şairə-jurnalist Zərəngiz Dəmirçi Qayalı, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının fəal üzvləri və ADMİU-nun muzeyimizdə istehsalat təcrübəsi keçən tələbələri iştirak edirdilər.

Tədbirin aparıcısı Elgün Qulamov qonaqları salamladı, Şuşanın tarixi və mədəni mühiti haqqında danışdı.

Mənzil-muzeyin əməkdaşı Fəridə Məmmədova “Şuşa İli”. İşğaldan azad olunmuş Şuşanın tarixi-memarlıq abidələrinin təhlili” mövzusunda məruzə ilə çıxış etdi. O, Şuşanın tarixi, abidələrinin dünəni və bu günü, onların erməni vandallığına məruz qalması ilə bağlı məlumat verdi.

Tədbirdə Elgün Qulamov müəllifi olduğu “Azərbaycan” poemasından hissələr, şairə-jurnalist Zərəngiz Dəmirçi-Qayalı Qələbə ruhlu “Şuşa” şeirini səsləndirdilər. Nəzrin Bağırlı “Qarabağ” və “Qələbə”, Ləman Vəliyeva “Tellərini yan dara, qız” rəqslərini, Teymur Vəliyev isə gitarada “Daşlı qala” xalq mahnısını ifa etdilər.

Muzeyin direktoru Ülkər Talıbzadə qonaqlara təşəkkürünü bildirdi, istedadlı gənclərə təşəkkürnamə və fəxri fərmanlar təqdim etdi.

“Şuşa abidələri – tariximizin silinməz izləri” adlı slayd-şou izlənildikdən sonra xatirə şəkilləri çəkdirildi.

Lalə