Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən Xalqlar Dostluğu Evi bu ilin fevralında “Dağların şəfəqi” ("Сияние гор")  adlı mədəniyyət günləri təşkil edib.

Tədbirin qonaqları Qafqaz xalqlarının mədəniyyəti, milli mətbəxi və adət-ənənələri ilə tanış olublar. Bayram əhvallı tədbir çərçivəsində milli mədəni birliklərin rəhbərləri ilə görüş keçirilib. Görüşdə rəhbərlər öz xalqlarının milli adətləri, mədəni irs nümunələri, tarixi və s. haqqında məlumat veriblər.

Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Osman Alıyev və Kirov Vilayətinin Azərbaycanlılar Liqasının sədri Ramiz Əfəndiyev də tədbirdə yaxından iştirak edərək Azərbaycan incəsənəti və mədəniyyəti barədə söhbət açıblar.

Xalqlar Dostluğu Evinin direktoru Yelena Matanseva həmyerlilərimizə mədəniyyət günlərinin reallaşmasında aktiv fəaliyyətlərinə görə təşəkkürünü bildirib.

Yelena Matanseva həmçinin Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimova da təşəkkür məktubu göndərib. Məktubda həmvətənlərimiz Osman Alıyev və Ramiz Əfəndiyevin mədəni layihələrə dəstəyi yüksək dəyərləndirilir. Diqqətə çatdırılır ki, “Dağların şəfəqi” mədəniyyət günləri yerli mətbuatda və internet resurslarında geniş işıqlandırılıb, həmçinin “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Osman Alıyevlə müsahibə dərc olunub.

Qeyd edək ki, “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi və Kirov Vilayətinin Azərbaycanlılar Liqası vilayətin mədəni həyatında yaxından iştirak edərək milli musiqi və rəqslərimizin, adət-ənənələrimizin təbliğinə yönələn layihələr ortaya qoyurlar.

Lalə