Aprelin 18-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində (MİM) “Narkomaniyasız gələcəyə doğru” adlı tədbir keçirilib.

Tədbirin aparıcısı – məktəbin Nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” haqqında məlumat verib.

MİM-in direktoru, Əməkdar artisti, dosent Əziz Qarayusifli bəşəri bəla olan narkomaniyanın ağır nəticələri barədə məlumat verib, şagirdləri bu zərərli vərdişlərdən uzaq olmağa səsləyib.

Ehtiyatda olan polkovniklər – paytaxtın Nərimanov Rayon Polis İdarəsi Veteranlar Şurasının sədri Ramiz Məmmədov, şuranın sədr müavini Eyvaz Nurməmmədov, yeniyetmələrlə iş üzrə inspektor, polis kapitanı Emin Zeynalov çıxış edərək “ağ ölüm”ün fəsadlarından danışıblar. Bildirilib ki, narkotik vasitələr cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə, sağlamlığına ciddi zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, həmçinin cinayətkarlığın artmasına səbəb olur. Çıxışlarda bu qorxunc bəlaya qarşı vətəndaşların da ayıq-sayıq olmalarının vacibliyi vurğulanıb.