Türkiyənin Rizə şəhərindəki Rəcəb Tayyib Ərdoğan Universitetində mövzu dairəsinə görə unikal kitabxana açılıb. “TRT Haber”in məlumatına görə, ölkədə “çay paytaxtı” kimi tanınan şəhərdə fəaliyyətə başlayan yeni kitabxana da elə bu mövzunu əhatə edir.

Hələlik kitabxanada çay haqqında türk və ingilis dillərində 938 adda kitab, jurnal, doktorluq dissertasiyası, çaydan bəhs edən məqalə və araşdırma toplanıb. Bu nəşrlərdə çayın sortlarına, becərmə tarixinə və mədəniyyətinə dair bilgilər yer alıb.

Universitetin rektoru H.Karamanın dediyinə görə, belə tematik kitabxanalar oxucuya hər hansı informasiyanın axtarışına çox vaxt itirmədən gərəkli məlumat tapmaqda kömək edir: “Biz çalışmışıq ki, universitetin çay kitabxanasında çox sevilən bu içkiyə aid türk dilində və xarici dillərdə olan materialların əksəriyyətini toplayaq. Nəşrlərin bir hissəsi bizim səfirlik və konsulluqların köməyi sayəsində müxtəlif ölkələrdən daxil olub. Kitab fondumuzu daha da zənginləşdirmək üçün bu proses davamlı olacaq. Bundan başqa, universitetimizdə 734 əsərdən ibarət Qara dəniz kitabxanası da var...”.

G.Mirməmməd