Gəncə RMİ-nin təşkilatçılığı ilə Gəncədə görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin (1916-1961) doğum günü (16 aprel) qeyd olunub.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi, bəstəkarın qohumları və digər qonaqların iştirakı ilə sənətkarın qəbirüstü abidəsi ziyarət edilib.
AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova Qəmbər Hüseynlinin yaradıcılığı barədə məlumat verib. AMK-nın rektoru Siyavuş Kərimi, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, bəstəkarın qohumları İslam Hüseynli, İlyas Xəlilov çıxış ediblər.
Əməkdar artist Babək Niftəliyev Əməkdar müəllim Naibə Şahməmmədovanın müşayiəti ilə Qəmbər Hüseynlinin “Ay işığında” mahnısını ifa edib. Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin vokal sinfinin müəllimi, Əməkdar artist Kəmalə Tağızadənin rəhbərliyi ilə şagirdlər bəstəkarın dünyaca məşhur “Cücələrim” mahnısını səsləndiriblər.