Moskvada M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında azərbaycanlı yazıçı və şairə, YARAT Müasir İncəsənət Məkanının Mədəni proqramlar departamentinin rəhbəri Ülviyyə Axundovanın “Çılpaq həqiqət” adlı şeir və hekayələr toplusunun təqdimatı keçirilib.

Təqdimat mərasimi Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi, Xarici Ədəbiyyat Kitabxanası və kitabxananın nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Kitabxananın baş direktorunun müavini Mariya Belokolenko tədbiri açaraq bu yaxınlarda bu zalda Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illiyi ilə bağlı təntənəli gecənin keçirildiyini xatırladıb. O deyib: “Biz Azərbaycanın qədim və çoxşaxəli mədəniyyəti ilə əlaqələri yüksək dəyərləndiririk. Biz 400-dən çox birgə layihə – konsertlər, sərgilər, kitab təqdimatları keçirmişik. Bu gün biz gənc, maraqlı müəllifin daha bir kitabı haqqında söhbət açacağıq. Bu kitabda nurlu insanın böyük qəlbi yer alıb”.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar rəhbəri Tamilla Əhmədova tədbirin təşkilinə görə kitabxananın rəhbərliyinə minnətdarlığını bildirib. Kitab haqqında danışan T.Əhmədova Ülviyyə Axundovanın əsərlərində səmimiyyəti və insani orijinallığı vurğulayaraq deyib: “Onun kitabı “Çılpaq həqiqət” adlanır. Kitabda hər qəhrəmanın öz prototipi var. Sevgi haqqında, həyatda öz yerini, həyatın mənasını axtarmaq kimi suallar bütün ədibləri, şairləri, nasirləri daim narahat edir. Bunlara cavab tapmaq isə artıq istedad məsələsidir”.

Ülviyyə Axundova tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinə, Azərbaycanın Rusiyadakı Səfirliyinə, Xarici Ədəbiyyat Kitabxanasına minnətdarlığını bildirib: “Mən həyatım boyu nəsr və şeir yazıram. Lakin ikinci dəfədir ki, bunlar bir kitabda toplanır. Bu kitab bir çox səbəblərə görə xüsusidir. Birincisi, bu kitabı istedadlı rəssam İrina Eldarova tərtib edib. İkincisi, bu kitab pandemiyanın – bizim hamımızın məcburən düşdüyümüz uzunmüddətli, ikiillik təcridimizin nəticəsidir. Bu dövr düşünmək üçün vaxt və zəmin yaratdı”.

Çıxışlardan sonra aktyor, Azərbaycanın və Rusiyanın Əməkdar artisti Timur Bədəlbəyli, aktyor və rejissor Danila Arikov, şairə Anna Zezina, Moskva Dövlət Konservatoriyasının məzunu, Prezident təqaüdçüsü Nazxanım Dadaşovanın (piano) müşayiəti ilə müəllifin şeirlərini səsləndiriblər.