Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti, bəstəkar Səid Rüstəmovun (1907-1983) 115 illiyinə həsr olunmuş konsert keçirilib.

Tədbir bəstəkarın həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralova bəstəkarın zəngin  yaradıcılıq irsindən söz açıb.

Bəstəkarın tələbəsi, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov Səid Rüstəmovun pedaqoji fəaliyyətindən bəhs edib.

Sonra Dövlət Mahnı Teatrının solistlərinin ifasında Səid Rüstəmov mahnılarından ibarət konsert proqramı təqdim edilib. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Heydər Anatollu, Əməkdar artist Aygün Qurbanova, solistlər Rövşən Qəhrəmanov, Fəxri Kazım-Nicat, Aynur İsgəndərli bəstəkarın unudulmaz mahnılarını şövqlə ifa ediblər. Müğənniləri tarzən Mirxalid Salayevin rəhbərliyi ilə teatrın ansamblı müşayiət edib.

Musiqi axşamının yaddaqalan məqamlardan biri də teatrın bədii rəhbəri, Xalq artisti Salman Qəmbərovun fortepianoda bəstəkarın bir neçə mahnısını yeni üslubda təqdim etməsi olub.