Azərbaycan xalqının və Türk dünyasının böyük söz abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı özbək dilində nəşr olunub. Nəşr Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi əsasında, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində (BMM) özbək dilinə tərcümə edilmiş “Kitabi-Dədə Qorqud” dastanının təqdimat mərasimi keçirildi. Təqdimatda dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edirdi.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirdi ki, xalq və mədəniyyət eyni anlayış altında birləşir: mədəni kimlik. Hər bir mədəniyyət sözlə başlayır, daha sonra söz cümlə, cümlə isə kitab olur. Böyük xalqlar isə bu kitabı dastana çevirir: “Kitabi-Dədə Qorqud” dastanı böyük türk toplumunu, türk xalqlarını, onların tarixini, coğrafiyasını özündə ehtiva edir. Qloballaşma dövrünün əsaslarından biri də eyniləşdirməkdir. Mədəni dəyərləri dərin olan xalqlar bu qloballaşmada seçiləcək. Dünyada mədəniyyəti zəngin və çalarlı olan xalqlardan biri də türk toplumudur”.

Qeyd olundu ki, ulu öndər Heydər Əliyev “Dədə Qorqud” dastanının araşdırılmasına, təbliğ olunmasına böyük diqqət göstərirdi. Məhz ümummilli liderin sayəsində 1975-ci ildə “Dədə Qorqud” filmi çəkildi, 2000-ci ildə dastanın 1300 illiyi türk dövlətlərinin iştirakı ilə ölkəmizdə, eləcə də UNESCO səviyyəsində qeyd edildi.

Elnur Əliyev dastanın özbək dilinə tərcümə olunmasının iki ölkə arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğuladı.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli dastanın özbək dilində nəşrini böyük mədəni hadisə adlandırdı: “Hesab edirəm ki, dünya dastanlarını tərəzinin bir gözünə, “Kitabi-Dədə Qorqud”u isə digər gözünə qoysaq, sözsüz ki, “Kitabi-Dədə Qorqud” daha ağır gələr. Bu dastan böyük bir mədəni və ədəbi hadisədir. Ötən il kitab İtaliyada italyan dilində nəşr olundu. Kitabın Drezden və Vatikan nüsxələri Azərbaycan türkcəsində qələmə alınıb. Bu kitab türk xalqları arasında mənəviyyat körpüsüdür...”.

Heydər Əliyev adına AMM-in direktoru Samir Abbasov Azərbaycan və Özbəkistan mədəniyyət nazirlərinin ön sözü ilə işıq üzü görən nəşrin əhəmiyyətini vurğuladı, dastanın tərcüməçisi, tanınmış özbək ədəbiyyatşünası, yazıçı Babaxan Şərifin əməyini xüsusi qeyd etdi. Bildirdi ki, yeni nəşr Özbəkistanın aparıcı kitabxanalarına paylanılıb.  Dastan haqqında özbək dilində “Wikipedia” səhifəsi də yaradılıb.

Kitabın məsləhətçisi və elmi redaktoru, millət vəkili, akademik Nizami Cəfərov nəşri ümumtürk hadisəsi adlandırdı. Bildirdi ki, dastan əsrlər keçməsinə baxmayaraq, türk xalqlarının taleyində mühüm yerə malikdir. Dədə Qorqudla bağlı rəvayətlər dastanın özündən qat-qat çoxdur. Təkcə “Təpəgöz” süjetinin 300-dən artıq nümunəsi var.

Babaxan Şərif Özbəkistan-Azərbaycan mədəni-ədəbi əlaqələrindən söz açaraq bu günlərdə Şuşaya səfəri ilə bağlı təəssüratlarını bölüşdü. Vurğuladı ki, Dədə Qorqudu sevmək vətəni sevmək, ədaləti sevmək deməkdir.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Azərbaycanla Özbəkistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən mənəvi əlaqələrdən söz açdı.

Təqdimatın bədii hissəsində BMM-in solistləri Abgül Mirzəyev və Nisbət Sədrayevanın ifasında muğamlarımızdan ibarət konsert proqramı təqdim edildi.

Lalə Azəri