İctimai rəy dünyada ən böyük gücdür və diasporumuz fəaliyyətində bunu nəzərə almalıdır

 

Aprelin 22-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı çərçivəsində “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Almaniya Azərbaycanlıları Alyansın sədri, tibb elmləri doktoru Nuran Abdullayev, Gürcüstanın İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, “Sara Xatun” Qadınlar Cəmiyyətinin rəhbəri Simuzər Baloğlanova və Türkiyənin “Star” qəzetinin xarici siyasət yazarı, tədqiqatçı-jurnalist Sevil Nuriyeva çıxış ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, 44 günIük Vətən müharibəsində diasporun qəlbi Azərbaycanla döyünüb: “Prezident İlham Əliyevin qurultayda çıxışı konseptual xarakter daşıdı, qarşıya qoyulan vəzifələri müəyyənləşdirdi. Postmüharibə dövründə də qarşımızda bir sıra vəzifələr durur. Bizim Azərbaycan kimi xoşbəxt bir Vətənimiz var. Mən bu gün sizin üzünüzdə təbəssümün dəyişdiyini görürəm. Çünki biz qalib xalqıq... ”.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva diasporu yaşadıqları ölkələrdə istedadlı diaspor nümayəndələrinin layiqli yer tutmasına dəstək verməyə çağırıb: “Biz erməni diasporunun, lobbisinin yaşadıqları ölkələrdə müvafiq qurumlarda yüksək yer tutmasından, o cümlədən qərarların qəbuluna təsir göstərə bilməsindən danışırıq. Bizim yeni nəsil diaspor nümayəndələri də fəaliyyətlərində bu məqamı nəzərə almalıdırlar”.

Almaniya Azərbaycanlıları Alyansın sədri, tibb elmləri doktoru Nuran Abdullayev nəzərə çatdırıb ki, diaspor fəaliyyətindəki inkişafın yeni mərhələsinə çatmışıq: “Vətən müharibəsi zamanı yaşadıqlarımızı göz qabağına gətirmək və bizə qarşı doğru olmayan mövqeləri düşünərək yola çıxmaq lazımdır. Belə ki, bundan sonrakı mərhələdə bizi tanımayanlara Azərbaycanın necə sülhpərvər ölkə olduğunu və cənab Prezidentin dediyi kimi düşmənə yalnız döyüş meydanında beynəlxalq qanunlar çərçivəsində cavab verən ləyaqətli bir ölkə olduğumuzu göstərməliyik. Azərbaycan diasporunun yol xəritəsində çox önəmli yer tutacaq digər məsələlərdən biri də xarici ölkələrdəki media gücümüzü inkişaf etdirməkdir ki, bunun da önəmini bir daha Vətən müharibəsində gördük. Buna da ən üst səviyyədə ixtisaslı kadrlara və eləcə də gənclərə jurnalistika sahəsində xaricdə təhsil almaq şəraiti yaratmaqla, onlara dəstək olmaqla ən etibarlı şəkildə nail olmaq mümkündür...!”.

Gürcüstanın İş Adamları Birliyinin sədri Nəriman Qurbanov tarixi Zəfər nəticəsində bu gün Şuşada qurultayın keçirildiyini söyləyib: “Vətən müharibəsində Gürcüstan əsilli azərbaycanlılar da şəhidlik zirvəsinə ucalıblar. Ötən il Azərbaycanın Gürcüstandakı səfirliyi ilə birlikdə Vətən müharibəsinin ildönümü ilə bağlı tədbir keçirilib. Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir və bunun əsasını ümummilli lider Heydər Əliyev qoyub. Bu gün iki ölkə arasında əlaqələr Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində daha da inkişaf edib. Mən Gürcüstandan olan iş adamlarının da iştirakı ilə Şuşada biznes-forumun keçirilməsini təklif edirəm”.

Türkiyənin “Star” qəzetinin yazarı Sevil Nuriyeva Şuşada olmaqdan qürur duyduğunu vurğulayıb: “Bu gün jurnalistlərimizin səsi böyük ölkələrin KİV-indən gəlməlidir. Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsi son illər müxtəlif baxışlara malik insanları da bir araya gətirib. Buna görə Dövlət Komitəsinə təşəkkür edirəm”.

Qurultay iştirakçıların sual və təklifləri ilə davam edib. Sualları cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bu gün dünyada bir super güc var, bu, ictimai rəydir. Sosial media ictimai rəylə bağlı məsələləri gücləndirir: “Bizə qarşı çirkin kampaniyalar aparılır. Dünən məğlub, bu gün qalib dövlətik. Qalib dövlət kimi bizə qarşı daha çox çirkin kampaniyalar aparılacaq”.

Hikmət Hacıyev qeyd edib ki, bu günə qədər faciə amili bizi birləşdirib: “Bu faciənin, humanitar fəlakətin aradan qaldırılması üçün diasporla birgə mübarizə apardıq. Bu gün bizi birləşdirən dəyər nədir? Azərbaycançılıq məfkurəsidir. Digər tərəfdən, bu gün Qarabağın yenidən qurulması Azərbaycanın yeni inkişaf mərhələsi olacaq. Ən müasir modellər məhz Qarabağda tətbiq olunacaq. Bu məfkurə ətrafında sizlərin də bu prosesə töhfənizi verməniz vacibdir”.

Hikmət Hacıyev iqtisadi diplomatiyanın önəmli olduğunu vurğulayıb: “İqtisadi diplomatiya Azərbaycanda istehsal olunan malların ixracı, xaricdən yeni texnologiyaların Azərbaycana gətirilməsini ehtiva edir. Bu istiqamətdə sistemli fəaliyyət aparılmasına ehtiyac var və diasporumuzun da bu istiqamətdə fəaliyyəti önəmlidir”.

Prezidentin köməkçisi vurğulayıb ki, beynəlxalq təşkilatların minalardan təmizləmə sahəsində Azərbaycana dəstəyi qənaətbəxş deyil. Diasporumuz işğaldan azad edilmiş ərazilərdəki mina problemini bəşəriyyətin problemi kimi qaldırılmalıdır.