Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyə Cümhuriyyətinin milli bayramına, 23 Aprel – Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyası uşaqlarının birliyi” adlı şənlik və azərbaycanlı rəssam Kövsər Qurbanın rəsmlərindən ibarət sərgi keçirilib.

Fondun prezidenti Günay Əfəndiyeva tədbirdə çıxış edərək bildirib ki, hər bir dövlətin ən dəyərli varlığı sülhün, sevginin, ümidin təmsilçiləri olan uşaqlardır: “Bu gözəl gündə bayramın həyəcanını sizinlə paylaşaraq, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan olan uşaqların simasında bütün Türk dünyasının uşaqlarını birlikdə sülh, dostluq və qardaşlıq mesajlarını yaymağa dəvət edirəm. Uşaqlarımızın təhsil almaları son dərəcə önəmlidir. Bu gün onların elmə və inkişaf edən texnologiyalara açıq olmaları, oxumaları, araşdırmaları, yeniliklərlə maraqlanmaları son dərəcə vacibdir. Böyüklərin də vəzifəsi onlara Vətənini, millətini, tarixini, mədəniyyətini və adət-ənənələrini sevdirməkdir. Biz Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq bu şərəfli missiyanı qürurla və zövqlə həyata keçiririk. Ən əsas məqsədlərimizdən biri Türk dünyasının maddi-mədəni dəyərlərini gələcək nəsillərə ötürməkdir...”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tədbirin əhəmiyyətindən söz açaraq deyib: “23 aprel Mustafa Kamal Atatürkün milli mübarizənin məşəlini yandırdığı gündür. Milli suverenlik bu mənada Atatürkün uşaqlara “Vətəninizə, kimliyinizə, bayrağınıza sahib çıxın” deməsinin mesajıdır və buna görə də çox dəyərlidir...”.

Tədbirə TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının toplantısında iştirak etmək üçün Bakıya gələn türk dövlətləri parlamentlərinin deputatları, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təmsil olunan ölkələrin diplomatları qatılıblar.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanı təmsil edən uşaqlar tərəfindən Türk dünyasının həmrəyliyini ifadə edən mahnılar oxunub, milli geyimlərdə rəqslər nümayiş etdirilib, milli alətlərdə musiqilər ifa olunub, şeirlər səsləndirilib. Qonaqlar azərbaycanlı balaca rəssam Kövsər Qurbanın əl işlərinə də baxıblar.

Tədbirdə iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim edilib.