Mədəniyyət Nazirliyi hər kəsi Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırır.

2021-ci il 28 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilib. Ağdam İşğal və Zəfər muzeyləri kompleksi ümumilikdə 22 hektara yaxın ərazini əhatə edəcək. Layihədə 28 ilə yaxın sürən işğal nəticəsində yerlə-yeksan edilmiş Ağdam şəhərinin bir hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında memorial kimi nümayiş etdirilməsi nəzərdə tutulur.

İşğal muzeyi kompleksi (17 hektar) müasir üslubda dizayn edilmiş muzey binası, xatirə gölü, memorial bağ və dağıntıların nümayiş edildiyi məkandan ibarət olacaq.

Ağdam Zəfər Muzeyi kompleksi 5 hektara yaxın ərazini əhatə edəcək və bu bölmə müasir dizayna malik bina, Bayraq meydanı və Zəfər arenasından ibarət olacaq. Ağdam şəhərinin işğaldan azad edilməsindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan bayrağının qaldırıldığı ərazidə Bayraq meydanı təşkil ediləcək, muzeyin binası və arena bu meydanın yaxınlığında yerləşəcək.

Hazırda Ağdam İşğal və Zəfər muzeyləri kompleksi ilə bağlı məzmunun hazırlanması istiqamətində işlər görülür.

Ağdama aid maddi-mədəniyyət nümunələri, əşyalar, şəkillər, videolar və digər materiallara sahib, həmçinin Ağdamla bağlı xatirələri olan vətəndaşlarımız Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılmasında iştirak edə bilərlər. Bununla bağlı 22 aprel 2022-ci il tarixindən başlayaraq əlaqələndirici şəxsə bu barədə məlumat verilməsi xahiş olunur.

Əlaqələndirici şəxs: Sədi Mirseyibli.

Telefon: (+99412) 498 83 51; (+99450) 480 40 33