Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

194 il əvvəl...

26 aprel 1828-ci ildə İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə – Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza – İrəvan xanlığına və Gürcüstana köçürüldü.

 

181 il əvvəl...

25 aprel 1841-ci ildə çar Rusiyası Qafqaz Baş İdarə Şurasının qərarı ilə Qazax və Borçalı mahallarında azərbaycanlı bəy və ağalar torpaq sahibliyindən məhrum edilib, mülkləri müsadirə olunub. Eyni qərar may ayında Xəzəryanı bölgələr üçün də verildi. Bunun ardınca bölgələrdə etirazlar başlandı və 1842-ci ildə ağa-bəy torpaqlarının müsadirəsi dayandırıldı.

 

145 il əvvəl...

24 aprel 1877-ci ildə Rusiya Qafqazda və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini (Qars, Ərdahan), habelə Osmanlının nəzarətində olan Bessarabiyanın (indiki Moldova ərazisi) bir hissəsini özünə birləşdirdi.

 

113 il əvvəl...

27 aprel 1909-cu ildə Osmanlı dövlətində növbəti saray çevrilişi baş verib. 1876-cı ildən hakimiyyətdə olan Sultan II Abdülhamit taxtdan salınıb, onun yerinə qardaşı – şahzadə Mehmet Reşat (V Mehmet) taxta çıxarılıb.

 

104 il əvvəl...

25 aprel 1918-ci ildə Bakıda bolşevik hökuməti – S.Şaumyanın sədrliyi ilə “Xalq Komissarları Soveti” yaradılıb. Tarixə “26 Bakı komissarı” adı ilə düşən qurum Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirməli idi. “Bakı Kommunası”nda aparıcı vəzifələri ermənilər tuturdular, hökumətdə yeganə azərbaycanlı Məşədi Əzizbəyov idi.

 

103 il əvvəl...

25 aprel 1919-cu ildə Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Qiyamçılar bölgəni “Muğan Sovet Respublikası” elan ediblər. Qiyam iyul ayında Cümhuriyyət qüvvələri tərəfindən yatırıldı.

 

102 il əvvəl...

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut edib, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan olunub. Bir gün öncə bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olmuş, Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Cümhuriyyət Parlamentinə ultimatum vermişdi. Parlament gərgin müzakirələrdən sonra ultimatumu qəbul etmişdi. Ölkədə formal hakimiyyət azərbaycanlı kommunistlərdən ibarət Müvəqqəti İnqilab Komitəsinə (sədr – Nəriman Nərimanov, üzvlər Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və b.) verilib. Real hakimiyyət Moskvaya tabe olan AK(b)P MK-ya məxsus idi.

 

77 il əvvəl...

28 aprel 1945-ci ildə İtaliyanın faşist diktatoru, 1922-ci ildən ölkəyə rəhbərlik edən Benito Mussolini italyan partizanlar tərəfindən öldürülüb. 1943-cü ildə Almaniya İtaliyanı işğal edəndən sonra Mussolini Hitlerin idarə etdiyi marionet hökumətin başçısına çevrilmişdi.

 

56 il əvvəl...

26 aprel 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə güclü zəlzələ olub. 8 bal gücündə zəlzələ nəticəsində şəhərdə 30 mindən artıq tikili qismən və tamamilə dağılmışdı. İnsan tələfatı barədə nə o vaxt, nə də sonra konkret rəqəm açıqlanmadı.

 

36 il əvvəl...

26 aprel 1986-cı ildə Ukraynada Çernobıl AES-in 4-cü blokundakı partlayış nəticəsində nüvə əsrinin ən dəhşətli qəzası baş verib. Öldürücü radiasiya buludu Ukrayna, Belarus və Rusiyanın bölgələrini, sonra isə Norveçdən Qafqaza və Volqa çayınadək geniş ərazini əhatə etdi. AES-in 30 kilometr radiusunda əhali köçürüldü, həmin ərazi “ölü zona” elan edildi. Çernobıl qurbanlarının dəqiq uçotu aparılmasa da, ötən müddətdə ölümcül şüalanma nəticəsində on minlərlə insan vəfat edib.

Hazırladı: V.Orxan