Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Şuşa İli” ilə bağlı müxtəlif tədbirlər keçirilib, qədim şəhərin mədəni zənginlikləri təbliğ olunub.

Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) Hacıqabul rayon Mədəniyyət Mərkəzində “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı sərgi nümayiş olunub, konsert proqramı keçirilib. RMİ-nin rəisi Fərid Qurbanzadə “Şuşa İli” ilə bağlı mədəniyyət ocaqlarında təşkil edilən silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən söz açıb. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova Şuşada bu gün şəhərin tarixi simasının bərpası yönündə işlərin həyata keçirildiyini bildirib. Çıxışlardan sonra konsert proqramı təqdim olunub.

Kürdəmir RMİ-nin təşkilatçılığı ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Gəl, səni Şuşaya aparım” adlı tədbir keçirilib. İdarənin rəisi Faiq Xudanlı və rayon İcra Hakimiyyətinin əməkdaşı Elxan Qafarov çıxışlarında ölkə başçısı tərəfindən elan olunan “Şuşa İli”nin əhəmiyyətindən danışıblar. Tədbir Kürdəmir rayon Uşaq incəsənət məktəbi və rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

Bərdə RMİ Bərdə rayon MKS-nin 2 nömrəli şəhər kitabxana filialı Bərdə rayon İnteqrasiya təlimli internat tipli gimnaziyasında “Azad Şuşamız” adlı sərgi təşkil edib.

Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Şuşa zəfəri Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir” adlı tədbir gerçəkləşib. Ağcabədi RMİ Ağcabədi rayon Mərkəzi Kitabxanasında “Şuşa İli” münasibətilə  kitab sərgisi təşkil olunub. Sərgidə Şuşanın tarixi, coğrafiyası və görkəmli şəxsiyyətləri ilə bağlı nəşrlər yer alıb.

Ağstafa RMİ Qazax Dövlət Rəsm Qalereyasında “Şuşa – mədəniyyət paytaxtımız” başlığı altında sərgi keçirilib.

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov ictimaiyyət nümayəndələri və gənclər üçün “Şuşanın keçmişi və bu günü” mövzusunda mühazirə oxuyub.

Gəncə RMİ-nin təşəbbüsü ilə “Şuşa İli” çərçivəsində keçirilən Aşıq müsabiqəsinin növbəti seçim turu olub. Seçim turu Aşıq Şəmşirə həsr edilib. Gəncə RMİ-nin rəisi Vasif Cənnətov bildirib ki, ulu ozan-aşıq sənəti xalqımızın milli ruhundan gəlib. Bu sənəti yaşatmaq, gənc nəslə ötürmək lazımdır. Gəncə, Naftalan şəhərləri, Goranboy, Tovuz, Kəlbəcər, Xocalı və Şəmkir rayonlarından 30 nəfər gənc seçimlərdə iştirak edib.

Gəncə şəhəri T.Hacıyev adına 2 nömrəli və Z.Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəblərinin birgə təşkilatçılığı ilə keçirilən “Şuşa ilə Zəfər!” adlı tədbirdə məktəblərin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri təqdim edilib.

Şəki RMİ Şəki rayon Oxud kənd Folklor evində “Xarıbülbüllü Şuşam” adlı konsert keçirilib. RMİ-nin tabeliyindəki Balakən rayon Heydər Əliyev Mərkəzində “Şuşanın mədəniyyət inciləri” başlığı altında diskussiya təşkil olunub.

Ağdaş RMİ Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Qarabağın zümrüd tacı – Şuşa” adlı tədbir keçirilib. Muzeyin elmi işçisi Ziyalə Əliyeva çıxış edərək “Şuşa İli” ilə bağlı muzeydə təşkil edilən silsilə tədbir və sərgilərdən söz açıb.

İsmayıllı RMİ-nin təşkilatçılığı ilə keçirilən “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, regional idarənin rəisi Elçin Nəcəfov və ictimaiyyət nümayəndələri iştirak ediblər. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində Şuşada anadan olan və  orada yaşayıb-yaratmış incəsənət xadimlərinin fotolarından, həmçinin qala-şəhərimizlə bağlı rəsm əsərləri, Şuşanın mətbəxi nümunələrinə baxış keçirilib. Tədbirin bədii hissəsində musiqi nömrələri və səhnəciklər təqdim edilib.

Regional idarənin əhatə etdiyi Ağsu rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Varlığın hər kəsə səadət, Şuşa” adlı tədbir keçirilib. Rayon musiqiçilərinin ifalarında “Azərbaycan”, “Şuşanın dağları”, “Qarabağ” və digər mahnılar, həmçinin “Qarabağ şikəstəsi” zərbi-muğamı səsləndirilib.

Nurəddin Məmmədli