Ölümü gözləmək ölümün özündən də qorxuludur...
Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesinin mövzusu ölkəmizdə 1937-ci ilin repressiya dönəmini əhatə edir. Pyes Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Azər Paşa Nemətovun quruluşunda tamaşaya qoyulub...
Yeni ilin gəlişini qeyd etməyə hazırlaşan evli cütlük – Qadın (Xalq artisti Məleykə Əsədova) və Kişi (Əməkdar artist Elşən Rüstəmov) saatın əqrəblərinin gecə saat 12-nin üzərinə tuşlanmasını səbirsizliklə gözləyirlər. Onlar uzun illər ünsiyyətdə olduqları yaxınlarını, uzaqlarını, qonşularını, qohum-əqrəbalarını, doğmalarını, tanışlarını və heç bir günahı olmayan yüz minlərcə talesiz insanı azğın külək kimi sovurub aparan amansız 1937-ci ilin bu dəqiqədən etibarən tarixin ən qanlı səhifələrindən biri kimi yaddaş salnaməsinə qovuşacağı anı gözləyirlər.
Amma tamaşaçının nəzər-diqqəti istər-istəməz tamamilə başqa bir məcraya – bir neçə ailəni zor-bəla ilə özündə yerləşdirə biləcək dar mənzildə az qala bir-birinə sığınaraq daldalanan və anbaan “ölüm küləyi”nin əsməsini qorxu və təlaş içində gözləyənlərə yönəlir. “Ölümü gözləmək ölümün özündən də qorxuludur” fikri ilə yaşayan sakinlər üçün ilin bitməsini gözləmək ölümdən qurtulmaq anlamındadır. Sakinlərdən fərqli olaraq bir cütlüyün nisbətən əmin-amanlığı və salamatlıq ab-havasında yaşaması, başlıcası da NKVD-nin “qoxu bilən”, ayıq-sayıq nəzarətçilərinin özəl himayədarlığına arxayınçılıq faktına yönəlir. Görəsən onların (cütlüyün) belə bir imtiyaz qazanmasına səbəb olan nədir? Onlar nə etmişlər ki, qapı qonşuları ilə müqayisədə nisbətən daha rahat, daha xatircəmlik ab-havasında nəfəs alıb, bu yaşamın dadını çıxarmağa qadir olublar?
Bu suala pyesin müəllifi Elçinin, eyni zamanda tamaşanın müəllifi Azər Paşa Nemətovun bəyan etdiyi əsas fikirdən yola çıxaraq cavab vermək mümkündür: mövcud olmaq və siyasi repressiyaya məhkum edilməmək uğrunda ölüm-dirim savaşında öz canını qurtarmaq üçün illərlə hökm sürən puç, aldadıcı ideologiyaya tapınaraq yaxınlarını bada verən və çıxış yolunu sağ qalmaq naminə qonum-qonşusunu, yaxın əqrəbalarını, duz-çörək kəsdiyi insanları dar ağacına sürükləyənlərin və onları yaradan mövcud quruluşun (1937) tənqididir bu tamaşa!...
Bu qorxunc və səksəkəli dönəmlərdə öz şəxsi həyatı naminə dost və tanışlarını gedər-gəlməzə göndərən, “dahi rəhbərə” inamla, can-dildən xidmət göstərən kimsələr özlərinin toxunulmazlığına qəti əmin idilər. A.Nemətovun quruluşunda pyesin əsas qəhrəmanları – Kişi və Qadın məhz bu kontekstdən sərgilənmişdir: onların hər ikisi bir-birindən xəbərsiz olaraq NKVD-yə məxfi şəkildə casusluq edən çuğulçulardır. Bu agentlərin üzdəniraq fəaliyyəti nəticəsində hər gün və hər an iş yoldaşlarından, ya qapı qonşularından biri repressiyaya əjdahanın ağzına göndərilir...
Rejissor bu səhnəni səs effektləri vasitəsilə özünəməxsus ustalıqla çözür: yaxınlaşmaqda olan avtomobil mühərrikinin və əyləcin səsi, avtomobil qapılarının çırpılması, əsgər ayaqqabılarının tıqqıltısı, zəng səsi. Səslər bir-birinə qarışır və bu qarışıqlıqda birdən-birə kandarda buz sifətli heykəl kimi NKVD qəssabları peyda olur...
Tamaşada hadisələrin gedişatında əsas yükü Qonaq obrazı daşıyır. Xalq artisti Nurəddin Mehdixanlının ifa etdiyi bu obraz eyni zamanda həmin dönəmin ab-havasını, mühitini, şəraitini, dəhşət dolu anlarını sərgiləyən İblisdir. Ərlə arvadın qapıbir qonşularını bir-bir “dənləyərək” gedər-gəlməzə göndərən və sonradan hər ikisinin tək qalaraq biri-birilərini məhşər ayağına çəkdikləri və biri-birinə nələr törətdiklərinin hesabatını verdikləri an peyda olan İblis–Vicdan. Vicdanları çoxdan iflic olmuş ərlə arvadı onların mənəviyyatlarında ikinci “mən”ləri olan Vicdandan daha çox yalnız xarakterlərindəki İblis mühakimə edə bilər və edir də...
N.Mehdixanlının performansındakı Qonaq obrazı müəyyən mənada mücərrəd İblisdir. Amma daha dəqiq və dürüst anlamda isə Qonaq-İblis məfhumu insana məxsus mənfilikləri, xəyanətləri, xainliyi, bir sözlə, iblisləşməni ifşa etmək üçündür. Bayram süfrəsi arxasında birdən-birə, gözlənilmədən Qonağın (İblisin) peyda olması hadisələrin sonrakı axarını daha da gərginləşdirməklə tamaşaçıların diqqətini daha çox məşğul etməyə başlayır və istər-istəməz düşüncə tərzini bir növ tətikləyir: süfrə arxasında öz evindəki kimi rahat davranışı ilə mənzil sahiblərinin kefinə “soğan doğrayan” bu məxluq kimdir? Qonaqdır, casusdur, NKVD zabitidir, yoxsa ərlə-arvadın çoxdan bəri yox olmuş, buxarlanmış vicdanı?...
Beləliklə, səhnədə ölümə məhkum olunmuş sadə və sıradan olan iki insan – son dərəcə “pak” görünən, əslində isə iblis xislətli ər-arvad və onların indiyə qədər törətdikləri, mənəvi-əxlaqi davranışları, bəlkə də cinayətləri ilə İblisin əməlləri qarşı-qarşıya qoyulur. İblis günahkarları məhşər ayağına çəkərək bir ittihamçı kimi müttəhim kürsüsündə çox cılız görünən bu insancığazların iç üzlərini açır. Saatın əqrəblərinin gecə saat 12-ni göstərdiyi andan etibarən ərlə arvad çağırılmamış bu əcaib qonağı öldürmək qərarına gəlirlər və belə güman edirlər ki, başlarının üzərini almış bu təhlükəni məhz bu yolla sovuşdurub qorxunc və vahiməli 1937-ci ilin pəncəsindən bu minvalla qurtula bilərlər.
Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, yer üzündə insanın şər hissləri nə qədər əbədidirsə və bu şər əməllər nə qədər ki siyasi repressiyalar törədirsə, İblisin də mövcud olması bir o qədər qaçılmazdır. İblis obrazı insana məxsus xəyanətləri, bir sözlə, iblisləşməni açıb ifşa etmək üçündür. Mövcudluq uğrunda mübarizədə boş, mənasız, aldadıcı nəfsə az qala sitayiş edən, çox zaman isə çaşan, çıxış yolunu tapa bilməyən, xəyanətə, zorakılığa, vəhşi ehtirasa kölə olan insanı faciəli duruma salan həmin dönəmin ictimai-siyasi səbəblərini göstərmək tamaşanın başlıca qayəsidir.
Rejissor pyes müəllifinin fikrindən yola çıxaraq maraqlı bir aktyor ansamblı yaratmış, ümumiyyətlə, tamaşanın müəllifi kimi onun plastik həllinin, kompozisiya bütövlüyünün və bədii obrazının ərsəyə gəlməsində nəzərəçarpacaq dərəcədə maraqlı axtarışlar aparmışdır.
Səhnənin dairəsində bir müstəvidə qoyulan qapılar səhnə hərləndikcə pərən-pərən olaraq birdən-birə altı qapıya çevrilir. Müəyyən məsafə ilə yanaşı qoyulmuş bu qapılar sanki məzarlığı xatırladır. Bu da təsadüfi deyil, çünki bu qapılar ərlə-arvadın az sonra çuğulluğu nəticəsində repressiyaya məhkum olunacaq qonşuların üzlərinə birdəfəlik bağlanacaq ölüm qapılarıdır. Buradakı qapılar cansız bir nəsnə olduqları üçün, təbii ki, heç bir hadisə özəlliyi və anlamı daşımır. Amma zaman-zaman açılıb-qapanması onların bir konflikt faktına və kolliziya ünsürünə çevrilməsinə imkan yaradır. Çünki bu qapıların açılması sayəsində biz tamaşaçılar ər və arvadın, eləcə də qonşuların iç dünyasının, problemlərinin dərinliklərinə baş vururuq. Səksəkə və təlaşla yaşayan qonşular amansız repressiyalara məruz qalmasınlar deyə, bu qapıların açılmasını istəmirlər. Ər və arvad da qapıların açılmasından narahatdırlar. Onları sakitləşdirən bir-birindən xəbərsiz olaraq NKVD ilə olan əlaqələridir. Qapılar sanki canlanıb dilə gəlir, iştirakçı aktyorlarla səhnə mizanlarını bərabər şəkildə paylaşırlar.
Beləcə, hər iki qarşı tərəfin marağı bu konflikt faktında uzlaşır. Rejissor qapının açılıb-bağlanmasını tamaşanın konflikt faktına çevrilməsinə xüsusi diqqət yetirir. Bununla o, uzun illər çözümü hələ də araşdırılan suala cavab almaq istəyir: nədən bu qapılar hər zaman qapalı qalmalı, nədən insanlar qorxu hissindən qurtulmaq üçün onların qapalı qalmasını istəyirlər. Əcəba, bu qapılar xoş bir niyyət, pak bir məramla, xeyirxahlığı, insansevərliyi, qardaşlığı, əmin-amanlığı müdafiə edən fikirlər, düşüncələr məqsədilə açıla bilməzmi?...
Azər Paşa Nemətov, beləcə, səhnədə quraşdırmış olduğu qapıları bədii obraz səviyyəsinə qaldırmaqla onların tamaşanın əsas ideya istiqamətində tutduğu yeri açıqlamağa çalışır.
Tamaşa maraqlı bir sonluqla bitir. Qonşuları və iş yoldaşlarını fələyin hökmünə buraxdıqdan və ortalıqda ins-cins qalmadıqdan sonra ərlə arvad biri-birilərini törətdikləri əməllər üstündə mühakimə edirlər. İndi onlar artıq meydanda özlərİ qalmışlar. Bəs onları mühakimə edəcək bir kimsə yoxmu?... Neçə-neçə insanı məhbəsə, sürgünə, cəllad kötüyünə sürükləyən bu iki məxluq cəzasızmı qalacaq?..
Bu sualın cavabı özünü çox da gözlətmir. Budur, bizə tanış olan həmin səslər eşidilir. Avtomobil səsi... Qapının çırpılması... Ayaq tappıltısı... Və nəhayət, qapı zənginin çalınması bir-birinə qarışır... Qapıda isə bizə yaxşı tanış olan Qonaq-İblis dayanmışdır.
Budur, haqq-hesab zamanı gəlmişdir. Qıl körpüsündən keçmə zamanı yetişmişdir. İblis bütün yaxınlarına, dostlarına, tanışlarına, qohum-əqrabalarına, qonşularına iftira ataraq ləkələyən, şərləyərək ölüm ayağına göndərən bu iki canini müttəhim kürsüsünə çəkərək ittiham edir və son hökmü oxuyur: “Cəhənnəmə xoş gəldiniz! Cəhənnəmə qədər yolunuz var...”.
Tamaşanın final səhnəsində pərdə qapandığı an İblisin NKVD zabitinin qiyafətində səhnə önünə yaxınlaşaraq şəhadət barmağını dodaqlarının üzərinə qoyub, tamaşaçılara müraciətlə “Susun!” deyə işarət verməsi mizanı da rəmzi bir məna daşıyır və tamaşanın baş hadisəsini bəyan edir: “Sabahı bəlli olmayan bir cəmiyyətdə həyatda qalmaq istəyirsənsə, dilini farağat qoyub, susacaq və deyilənlərə əməl edəcəksən. Əks təqdirdə günlərin birində cəhənnəmin qapıları üzünə taybatay açılacaqdır...”.
Xəzər Gəncəli
Əməkdar artist, rejissor