Həsən Əblucun 80 illiyi münasibətilə xatirəsi yad olundu
Mən 15 yaşında, 20 yaşında
Elə bilirdim ki, 40 qocalıqdır.
Bax, 40-ı ötmüşəm, ancaq başımda
Uşaqlıq həvəsi hələ qalıbdır...
Bəli, məhz onun səsində, bənzərsiz avazında, bulaq kimi qaynayan təbində ağ-qara lentə köçmüş kadrlarında bir fraqmentlə başladı özü olmadan keçən növbəti yubileyi...
Aprelin 22-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində böyük sənətkar, teatr aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun (1942-1994) 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Sənətkarın özünə, xasiyyətinə xas səmimi, sakit, məhrəm insanların bir araya toplaşdığı tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq yarımçıq sənətkar ömrünə qısa nəzər saldı. “Ömür vəfa etsəydi, bu il Həsən Əbluc 80 yaşını qeyd edəcəkdi. Amma təəssüf ki, o, ömrünün 52-ci ilində dünyadan ayrıldı. Bir insan və xüsusilə bir sənətkar ömrü üçün bu, çox az zaman kəsiyidir. Bununla yanaşı, Tanrımı, talemi görünür ona qarşı bir o qədər də amansız olmayıb. Çünki o, qısa ömür çərçivəsində teatr tamaşalarında oynamaqla yanaşı, həm də bir neçə filmdə, televiziya tamaşalarında rol alıb. Eyni zamanda Azərbaycan poeziyasından gözəl nümunələr səsləndirib. Yaxşı ki, o lentlər qalır və məhz onların sayəsində Həsən Əblucu bir addım da yaxından görməyə, tanımağa, tanıtmağa müvəffəq olub, onun təkrarolunmaz səsini eşidə bilirik” sözləri ilə sanki hamının ürək pıçıltılarını dilləndirdi.
Ardınca sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu, aktyorun oynadığı televiziya və teatr tamaşalarından, çəkildiyi filmlərdən fraqmentlər izlənildi.
Həsən Əblucun ailə üzvləri, dostları, tələbələri, sənət yoldaşları, tərəf-müqabilləri onunla bağlı fikirlərini, kövrək xatirələrini bölüşdülər.
Xalq artisti Rafiq Əzimov onunla əməkdaşlığından danışdı, aktyorun özünə və başqalarına qarşı tələbkar olduğunu dedi. Bildirdi ki, Həsən Əbluc bütün rollarına, hətta adi qiraət nümunələrinə də böyük ürəklə yanaşır, hər şeyi daxilindən keçirirdi. Məhz buna görə onun böyük ürəyi belə tez, qəfil dayandı.
Xalq artisti Tariyel Qasımov dostunun mərdliyindən, dönməzliyindən, ədalət hissindən söz açdı. O, hələ dram dərnəyində çıxış edərkən başlarına gələn hadisələrə, indi xoş xatirəyə dönən qayğı və ümid dolu illərə nəzər saldı.
Aktrisa Sona Babayevaya növbə çatanda bayaqdan sinəsinə sıxdığı ağ-qara fotosunu hər kəsə göstərərək onun çəkilmə tarixçəsindən danışdı. Uzun illər öncənin gün kimi aydın xatirəsini çözələdi. Dostu, sirdaşı, mənəvi qardaşı Həsən Əblucun itkisi ilə heç zaman barışmadığını etiraf etdi.
Əməkdar artist Elxan Qasımov da hər kəsi gənclik dövrlərinə – 60-cı illərə apardı. O, Həsən Əblucdan çox şey öyrəndiyini dedi: “O, yaltaqlığın, əyri yollarla getməyin nə olduğunu bilmədi...”.
Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Ötkəm İsgəndərov sənət müəllimlərini sevgi ilə xatırladılar, ondan öyrəndikləri ilə sənətdə çox şeyə nail olduqlarını dedilər.
Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Azad Şükürov, Şəfəq Əliyeva da Həsən Əbluclu günlərə qayıtdılar. Gah qəhər boğan titrək səsləri, gah da məsum qəhqəhələri ilə bəzən amansız, tələbkar, bəzən də uşaq kimi kövrək müəllimlərini, rejissorlarını, sənət dostlarını yaddaşlarında yenidən canlandırdılar.
Son olaraq Əməkdar incəsənət xadimi, sənətkarın qardaşı Ənvər Əblucu dinlədik. Qəhər boğa-boğa qardaşını, sənət dostunu, sözün bütün mənalarında bütöv sənətkarı xatırladı: “Həsən sözün düzünü deyən, sözünün arxasında duran, bəzən də bunun əziyyətini çəkən adam idi”.
Ənənəvi olmayan, rəsmiyyətdən uzaq dost məclisini fərqli qılan bir məqam da onun peşəkar, çoxçalarlı, həzin musiqilərlə rövnəqlənməsi idi. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında Avropa və milli vokal nümunələri səsləndikcə insan fərqli dünyaya səyahət etmiş olurdu. Əslində, onun xatirəsinin işığına toplaşanlar məhz bu ruha köklənməli idi. Çünki onun qəlbəyatan avazı hər birimizin yaddaş dəftərinin ən gözəl səhifələrindəndir.
Təsadüfi deyil ki, mərhum Xalq şairi Vaqif Səmədoğlu aktyoru xarakterizə edərkən “Həsənin səsi torpağın səsidir” deyirmiş. Hesab edirəm ki, bu, sənətkar haqqında ən sadə, ən doğru, ən təsirli təyindir.
Həmidə Nizamiqızı