Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) “Şuşa İli” çərçivəsində təşkil etdiyi “Anadır arzulara hər zaman Qarabağ” adlı regional xor müsabiqəsinin seçim mərhələsi başa çatıb. Xocavənd rayon Uşaq musiqi məktəbində keçirilən mərhələdə xor kollektivləri çıxış ediblər. Müsabiqədə ümumilikdə 14 uşaq musiqi və incəsənət məktəbi iştirak edib. Kürdəmir rayon Uşaq incəsənət məktəbinin xor kollektivi I, Xocavənd rayon Tuğ kənd Uşaq musiqi məktəbinin xor kollektivi II, Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq musiqi məktəbinin xor kollektivi III yeri qazanıb. Müsabiqənin qalibləri aprelin 30-da keçiriləcək tədbirdə mükafatlandırılacaq. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovadır.
Şəki RMİ M.F.Axunzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən İ.Salmanov adına şəhər Folklor klubunda “Ətrini duydum, xarıbülbül” adlı konsert proqramı keçirilib. Konsertdə vətənpərvər ruhlu musiqilər ifa edilib.
Lənkəran RMİ-nin tabeliyində fəaliyyət göstərən H.Rzayeva adına 2 nömrəli Uşaq musiqi məktəbində “Şuşa İli” münasibətilə “Vətənimdir Azərbaycan” adlı konsert proqramı təşkil olunub. Konsertdə xalq mahnıları, rəqs və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Sumqayıt RMİ Sumqayıt şəhər Poeziya evində idarə rəisi Rəşad Əliyevin iştirakı ilə Şuşa rayonunun mədəniyyət işçiləriylə müşavirə keçirilib.
Gəncə RMİ Gəncə şəhər MKS-nin 5 saylı kitabxana filialında “Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə şəhər 13 saylı məktəbin şagirdləri Şuşa haqqında mahnılar oxuyub, şeirlər söyləyiblər. Goranboy rayon Dövlət Rəsm Qalereyasında isə Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar tədbir təşkil edilib.
N.Məmmədli