Yaxud unudulanlardan miras qalan unudulmayanlar
Muğam-sənət beşiyi Şuşada ədəbiyyatın inkişafında mühüm rol oynayan məşhur poetik məclislərdən “Məclisi-üns” haqqında məlumat vermişdik. Bu dəfə “Məclisi-üns”dən səkkiz il sonra yaradılan “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) barədə söz açacağıq.
Bu ədəbi məclis birinci yaradıcılıq birliyi formalaşarkən unudulmuş, yaxud diqqətdən kənarda qalmış söz adamları tərəfindən təşkil olunub. “Məclisi-fəramuşan” həm də “Məclisi-xamuşan” (“Dinməz, sakit adamlar məclisi”) adı ilə tanınıb. 1872-ci ildə Abdulla bəy Asi, Mirzə Əbülhəsən Şəhid, Mirzə Əbdül Şahin, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği və başqaları Mir Möhsün Nəvvabın rəhbərliyi altında bu ədəbi məclisdə bir araya gəliblər.
Mənbələrdə başqa məclislər kimi “Məclisi-fəramuşan”ın da üzvlərinin adları da tam əhatə olunmayıb. Onların adı daha çox Şuşa şairlərinin şeirlərindən, digər şəhərlərdəki şairlərlə məktublaşmalardan müəyyən edilib. Məsələn, M.M.Nəvvabın farsca “Divan”ında Məşədi Cəfərqulu Kərbəlayı İbrahim oğlunun, “Tarixi-Qarabağ”ın müəllifi Mirzə Camalın oğlu Mehdi bəy və Hacı Məşədi Əli oğlunun “Məclisi-fəramuşan”ın üzvü olduğunu bildirib. O, bu “Divan”da həmin şəxslərin vəfatını da qeyd edib. Nəvvab şeirlərində Əbülbərəkat deyə adını çəkdiyi Məşədi Cəfərqulu Kərbalayı İbrahim oğlunun 1896, Mehdi bəy Mirzə Camal oğlunun 1887 və Hacı Əmir Məşədi Əli oğlunun 1887-ci ildə vəfat etdiklərini nəzmlə diqqətə çatdırıb.
Araşdırmalarda “Məclisi-fəramuşan”ın iştirakçıları arasında yuxarıda adları çəkilən söz-sənət adamları ilə yanaşı, Məşədi Əyyub Baki, Abdulla bəy Abış, Baxış bəy Səbur, Bəhram bəy Fədai, Mirzə Muxtar, Məşədi Məhəmməd Bülbül, Molla Xəlil Şaki, Mirzə Məhəmməd Katib, Həsən Qara Hadi, Xarrat Qulu Yusifi, Mirzə Hüseyn Salar, Mirzə İsmayıl Məhzun, Mirzə Əli Aşiq, İbrahim bəy Azər, Məşədi İsi, Hacı Hüsü, Sadıqcan və başqalarının adı çəkilir.
“Məclisi-fəramuşan”ın adı haqqında M.M.Nəvvab avtoqraf təzkirəsində də yazıb: “Fəramuşan” şairlərin və zəriflərin toplandığı Nəvvabın mənzilinin adıdır”. Buradan belə qənaətə gəlmək olur ki, məclisin yığıncaqları Nəvvabın mənzilində keçirilib. Orada musiqiçi, xanəndə və şairlərlə yanaşı, Şuşanın arif şəxsləri də iştirak edib.
Mənbələrdə o da qeyd edilir ki, əvvəllər “Məclisi-üns”lə “Məclisi-fəramuşan” arasında müəyyən sərinlik olsa da, bu münasibət sonralar aradan qalxıb. Hətta məclis üzvləri bir-birinə qonaq gedib, yığıncaq və müşairələrdə (şeirləşmə) iştirak ediblər. “Məclisi-üns”ün üzvlərindən Bəhram bəy Fədai, Mirzə Ələsgər Növrəs, Mirzə Cəfər “Məclisi-fəramuşan”ın da yaxın iştirakçıları olublar. Nəvvab həmişə X.Natəvanın hal-əhvalını sorub. Hətta onun səsi-sədası gəlməyəndə xüsusi məktub yazıb səbəbini xəbər alıb. Başqa şəhərlərdən gələn məktublar, müzakirəyə ehtiyacı olan məsələlər hər iki məclisdə müzakirə edilib.
“Məclisi-fəramuşan”da şairlər müşairə zamanı deyilən qəzəli onun bəhr və təqtisinə müvafiq olaraq oxuyar və həmin ahənglə ayaqlarını yerə vurub ona uyğun səs çıxardıblar. Məclisdə şairlərlə yanaşı, musiqiçilər də yaxından iştirak ediblər. Məşhur Qarabağ xanəndə və tarzənlərindən Xarrat Qulu, Mirzə Sadıqcan, Hacı Hüsü, Məşədi İsi məclisin şöhrətinə şöhrət qatıblar.
“Məclisi-fəramuşan”ın nəzdində M.M.Nəvvab və Hacı Hüsünün rəhbərliyi altında “Xanəndələr məclisi” adlı bir musiqi məclisi də fəaliyyət göstərib. Məşədi İsi, Keştazlı Haşım, Hacı Hüsü, İslam Abdullayev, Mirzə Muxtar, Malıbəyli Həmid və digər xanəndələr həmin məclisin üzvləri olub.
Başqa ədəbi məclislərdə olduğu kimi, “Məclisi-fəramuşan”ın üzvləri də ancaq klassik üslubda-əruz vəznində yazmaqla məhdudlaşmayıb. Heca vəznində də gözəl şeirlər yaradıblar. “Məclisi-üns”ün üzvü olmasına baxmayaraq, “Məclisi-fəramuşan”la əlaqəsini kəsməyən M.Ə.Növrəslə M.M.Nəvvabın bir-birinə yazdıqları mənzum məktubların bir neçəsi heca vəznindədir.
“Məclisi-fəramuşan” şairlərinin əksəriyyəti M.M.Nəvvabın təsiri ilə yazıb. Odur ki, onların bir çoxunun şeirlərində ilahi, həm də dünyəvi eşqin tərənnümü kimi cəhətlər özünü göstərir. Bu şairlərdə həmçinin zəmanədən narazılıq, din xadimlərinin tənqidi kimi ictimai motivlərə də rast gəlinir. Ancaq bu, onların yaradıcılığı üçün o qədər də xarakterik olmayıb. Şairlər İslam ehkamlarını təhrif edən, dilində dua, qəlbində riya gəzdirən, din pərdəsi altında hər cür əməldən çıxan ruhaniləri tənqid edirdilər.
1910-cu ilədək fəaliyyət göstərən “Məclisi-fəramuşan” da Şuşanın ədəbi-mədəni həyatında mühüm rol oynayıb, ədəbi prosesin şaxələnməsinə öz töhfəsini verib.
Savalan