Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar.

Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.

Prezident İlham Əliyev bu sözləri mayın 4-də Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyevi videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpasına da başlanılıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi də faktiki olaraq yenidən qurulur: “Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur...”.

Prezident vurğulayıb ki, qarşıda duran başlıca vəzifə keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması ilə bağlıdır. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat olmaqla 4,4 milyard vəsait ayrılıb. Bu il iqtisadi inkişafımız, gəlirlərimiz də artıb. Ona görə azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilib.

Dövlət başçısı qeyd edib ki, azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilib və biz kəndləri də planlı şəkildə bərpa edəcəyik: “Biz bu prosesi də mərhələlərə böldük. Birinci mərhələdə hansı kəndlər qurulacaq, ikinci mərhələdə və sair. Əlbəttə, kəndlərin qurulması da planlı şəkildə aparılmalıdır. Yəni, kortəbii yox, sistemli şəkildə. Ona görə hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır... Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq...”.