Ulu öndərin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş sərgi və məlumat bazasının təqdimatı
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə sərgi təşkil edilib və elektron məlumat bazası hazırlanıb. Mayın 6-da kitab sərgisi və elektron toplunun təqdimatı keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, mayın 10-da anadan olmasının 99-cu ildönümünü qeyd edəcəyimiz ulu öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində parlaq səhifə açan bənzərsiz şəxsiyyətdir. Ümummilli liderin mədəniyyətə hər zaman diqqət və qayğı göstərdiyini deyən direktor bildirib ki, Heydər Əliyev 1995-1997-ci illərdə Milli Kitabxananı 4 dəfə ziyarət edib və ilk gəlişində şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı mədəniyyət ocağına hədiyyə edib.
Ulu öndərin dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan K.Tahirov qeyd edib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun otuz ilə yaxın sürən işğala son qoyaraq torpaqlarımızı azad etməsi tariximizin ən şanlı səhifəsidir. Prezident İlham Əliyev ümummilli liderin bu yolda başladığı tarixi işləri çox böyük uğurla davam etdirərək ona da başucalığı gətirib. Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Mais Əmrahov bildirib ki, ulu öndər haqqında çoxsaylı kitablar yazılıb, bundan sonra da yazılacaq. Lakin onun haqqında ən böyük əsər müstəqil Azərbaycan Respublikasıdır. Heydər Əliyevin ən böyük arzusu həyata keçib – işğal altında olan torpaqlarımız artıq azaddır. Müstəqil Azərbaycan dünya dövlətləri arasında başıuca, azad ölkə kimi tanınır.
Milli Kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyevin əvəzsiz xidmətlərindən, ümummilli liderin mədəni irsə, o cümlədən kitaba və kitabxanaya verdiyi yüksək dəyərdən bəhs edib.
Sonra “Azərbaycan xalqının ümummilli lideri” adlı elektron məlumat bazası (anl.az/el/emb/H.Aliyev/index.html) təqdim edilib və Heydər Əliyev haqqında qısa film nümayiş olunub.
Sonda iştirakçılar Milli Kitabxananın fondundakı nəşrlərdən tərtib edilən “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı sərgi ilə tanış olublar.