Yaxud bir Don Kixot bəs edir
Elə də uzaq tarixin söhbəti deyil. 2010-cu ilin mayı idi. Qaranəfəs özümü Yuğ Teatrına yetirdim. Məşq izləyəcək, ardınca da müsahibə edəcəkdim. Yuğçuların ustad hesab etdiyi (məncə, o, bütün zamanlar üçün o statusunda qalacaq) teatrın bədii rəhbəri, hazırlanacaq yeni tamaşanın quruluşçusu Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu ilə.
Teatrın o vaxtkı binasına daxil olan kimi qulağım bir səs aldı: “Dörd aydır danışırıq, indi işləyək...”. Vaqif müəllim gənc aktyorları və tələbələri başına yığıb Migel de Servantesin “Don Kixot” əsəri əsasında səhnələşdirilmiş “Psix” tamaşasının məşqini edirdi.
Zalda mistik bir ovqat, qəribə bir tərtibat vardı. Müsəlləh əsgər kimi rejissorun qızı da yanda yerini almışdı. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova. Əsas rollarda da Hikmət Rəhimov, Toğrul Kamalov (tələbə), İlahə Həsənova, Ruqiyyə Heydərova (dublyor) oynayırdılar. Daha doğrusu, məşq edirdilər.
Uzun çəkən – təxminən üç saat sürən gərgin məşqi yarıqaranlıq zalda sonadək dərin maraqla izlədim...
Budur, il olub 2022 və mən yenidən “Psix” ilə üz-üzə dayanmışam. Bu dəfə həmin tamaşada oynayan Toğrulun, indi Ər-Toğrulun quruluşçu təqdimatı ilə. Şaşırdımmı? Bir az. Çünki 12 il əvvəl məşqini gördüyüm səhnə əsərini yenidən (tərtibat xüsusiyyətlərindən musiqi həllinədək) gördüm. Düzü, bu məni həm də sevindirdi. Düşündüm ki, sağ olsunlar, ustadı unutmayıb və vaxtilə birgə işlədikləri tamaşasını uzunömürlü və fərqli etməyə çalışıblar. Amma tamaşa barədə mətbuat üçün yayılan məlumatda bu barədə qeydə rast gəlməyəndə təəssüfləndim. Axı, nə Vaqif müəllimin ölümündən onilliklər keçib, nə də onun quruluş verdiyi tamaşanın məşqini izləyənlərin yaddaşı itib...
Keçək ustad-tələbənin, dünən ilə bu günün, yaşlı nəsil ilə gəncliyin ortaq fəlsəfə və estetikasında ərsəyə gələn yepyeni “Psix”ə.
Təəssüratımdan əvvəl onu da deyim ki, Akademik Musiqili Teatrın xüsusən son zamanlar təqdim etdiyi eksperimentlər (bir sıra məqamlarda mübahisəli olsa da) ümumilikdə maraqlı, cəsarətli və rəngarəngdir. Bu premyeranı da o siyahıya daxil etmək olar.
Beləliklə, aprelin 29-da Akademik Musiqili Teatrın səhnəsində Migel de Servantesin “Ağıllı zadəgan Don Kixot” romanı əsasında hazırlanan “Psix” adlı birhissəli cəngavərlik oyununun premyerası oldu. Yuxarıda da dediyim kimi, tamaşanın rejissoru Ər-Toğrul Kamalovdur.
Müəyyən çalarlarına görə tamaşadan çox performans təsiri bağışlayan (əslində, bizim səhnəyə indi daha çox bu lazımdır) səhnə işi 18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulub. Tamaşanın musiqisində dahi bəstəkar Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib. Tamaşanın bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimdir.
Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edir. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxırlar.
Məlum hekayətin daha çox subliminal (şüuraltı) mesajlarla pərdələndiyi birsaatlıq tamaşada biz personajların fərqli təqdimatlarında, əslində, özümüzə, ruh halımıza baxdıq. Divanəliyimizə güldük, saflığımıza sevindik, axmaqlığımıza təəssüfləndik, günahsızlığımıza sızladıq, xudbinliyimizə ürpəndik. Uzun sözün qısası, özümüz özümüzə xeyli tamaşa elədik. Gah dözüb, baxdıq, gah da tərk edib getdik (zaldan çıxan 10-15 nəfər) özümüzü aldatmağa. Amma hər halımız ilə bizi özümüz ilə baş-başa buraxmaq istəyən “Psix” çox da uzağa getmədən istəyinə nail oldu.
Tamaşada yuğ estetikası, sözsüz ki, İbrahimoğlu üslubu hakim idi. Buna müasir dünya teatrında geniş yayılan, bizə görə cəsarətli, onlara görə statik gedişləri də qatsaq, ümumi planda üfüqün qızartısını görə bildik. Ələlxüsus da 18+ elementlər (əslində, başqa teatrda gördüyüm iki yeni tamaşa da “18+”li idi və sağ olsunlar, bunu afişada qeyd etməyə lüzum görməmişdilər), bir az da o yana getsəm, personajların özlərini əldən salanadək etdikləri çılğınlıqlar itələyici həddə deyildi.
Rejissor tamaşanın ilk dəqiqələrindən bizi olacaqlardan hali etdi. Buna tərtibat mükəmməlliyi də demək olar və mənə görə, quruluşçu rəssamın məsələyə daha çox nüfuzu aydın sezildi. Sözsüz ki, Vüsal Rəhimin istedadı, maraqlı yozumu, bir az da Don Kixotluğu bu tamaşanın uğur açarı, mən deyərdim ki, şansıdır.
Quruluşçu rejissor həm də səhnələşdirmə müəllifi olaraq bizə günümüzün Don Kixotunu, əslində, 2022-ci ilin cəngavərlik arzularını göstərdi. Onun sırf zəmanə adamlarının cəfəngiyat, xəyalpərəstlik, başqa məqamlarda axmaqlıq dediyi xilaskarlıq missiyasına əl bulaşdırması və bu əsrə çarəsizlikdən düşən Don Kixotlara sahib çıxması, onlara bəraəti aydın (bəzən ifrat detallarda) görünürdü.
Biz istəsək də, onun gülünc qəhrəmanlarına – əndamı əndazədən çıxmış Dulsineyasına, özündən başqa heç kimi dolaya bilməyən Sanço Pansasına, işindən fələk də baş açmayan Xidmətçisinə gülə, qəzəblənə, bağlana bilmirdik. Bizim üçün əvvəldən bu dünyanın adamı olmayan Don Kixot vacib idi və bacardıqca onun faciəsinə, daha doğrusu, gülünc iradə nümayişinə diqqət kəsildik.
Rejissorun kolorit verdiyi, atalar sözü, şifahi xalq ritorikası (Vaqif müəllim bunu müxtəlif ləhcələrlə daha da azərbaycansayağı etmişdi) ilə “rənglədiyi” cəngavərinin təhtəlşüuri işarələri maraqlı və dözümlü idi. Dözümlü demişkən, bunu deməsəm, dilim göynəyər. Son zamanlar, xüsusən pandemiyadan sonrakı premyeralarda ifadələr və jestlərdə jarqonlar, ifrat iyrənc işarəli (göstərməli) söyüşbazlıq baş alıb gedir. Anlayıram, pandemiya dövrü və bu zaman içində keçirilən (yaxud oynanılan) yaradıcı “katarsis”ləriniz söyüşlü ola bilər. Amma səhnə başqa mətləblər ilə fikri diktə edir və söyüş yeri deyil...
Hə, onu deyirdim axı, tamaşa bir az psixoloq dinləməsinə, psixoterapevtik akta, müayinə-müşayiətə də bənzəyirdi. Qarşılıqlı olaraq hər kəs psixoloji nəbzini yoxlayırdı. Elə səhnədəkilər də bir-birinin.
Bilmirəm, bəlkə rejissor bunu özü belə qurmuşdu. Amma yaxşı düşünmüşdü. Heç bir obraza “gəl çıx yuxarı başa” ixtiyarını verməmişdi. Sadəcə, “meydan sənindi, görüm nə edirsən” var idi. Bir də aktyor ilə obrazı arasındakı rabitəyə nəzərəçarpacaq detallar ilə vizual pərakəndəlik vermişdi. Qalırdı onu toparlamaq. Bu da aktyorun işi, özü ilə obrazı arasında vəhdət bacarığıdır.
Tamaşanın sərsəm cəngavəri Don Kixot Pərviz Məmmədrzayevin ifasında inamlı təəssürat yaradırdı. Hərçənd onunla məzələnmək, daha doğrusu, oyuna çəkmək təcrübəli aktyor üçün elə də çətin olmadı və görülməyə dəyən Don Kixot idi. Həm texniki, həm də emosional baxımdan. Bu mənada sondakı ləngimə və gərəksiz çarmıx, müqəddəs ruha çevrilməsiz də təsirli, baxımlı alına bilərdi. Üstəlik, müəllifdən oxucuya hamımız Don Kixotun saflığının müqəddəslik həddinə biyət ediriksə, onu İsa (peyğəmbər) kimi qeybə çəkmək çox ritorik formadır və məncə, rejissorlar bundan imtina etməlidirlər.
Sanço Pansa (Nicat Əli) isə əlini sadiqlik oyunbazlığına bulamış uşağa oxşayırdı. O, özündən başqa hamını düşünüb, bütün diqqətini tərəf-müqabillərinə və zala verdiyindən (tamaşaçı üçün oynadığını səhnədə də unutmamaq aktyorun faciəsidir), replikalarından hoqqabazlığına tamaşaçının reaksiyasını sadalamağa baş sındırmağından, başdan sona uzunqulağa tərs mindiyindən hər an yıxılmaq qorxusu yaşayan uşağa bənzədi.
Dulsineya (Gültac Əlili) rejissorun “qapını aralı qoy” təlimatına “taybatay açdım” ilə cavab vermişdi. Özünə “qəhrəmanımı bütünlüyü ilə səhnəyə səpməliyəm”i təlqin etdikcə, “gözəllik” nümayişində çırpındıqca biz aktrisa olaraq roluna, əslində, nə qatdığını heç ayırd edə bilmədik...
Tamaşanın həm aktyor oyunu, həm də ümumi mizanında tam ahəngdarlığın olmadığı görünürdü. Amma nəzərə alsaq ki, bu, “yuğlama” estetikalı tamaşanın musiqili teatr səhnəsində “reinkarnasiya”sıdır, o zaman növbəti nümayişlərdə səhnədə bütün daşların yerinə oturacağını gözləmək olar...
Həmidə Nizamiqızı