Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində mütəmadi olaraq müxtəlif mövzular ətrafında maarifləndirici proqramlar həyata keçirilir. “Mən və incə sənət” adlı ustad dərsləri də bu qəbildəndir.
Mayın 12-də ekspert Mirzə Talıbovun iştirakı ilə təşkil olunan ustad dərsi sənət əsərlərinin və əntiq əşyaların tədqiqatı mövzusuna həsr olunub. Layihənin əsas hədəfi gənclərə rəsm əsərlərinə fərqli rakurslardan yanaşmanı aşılamaq, onlarda bu bacarıqları üzə çıxarmaq və inkişaf etdirməkdir.
Muzeyi ziyarət edən gənclər öncə ekspozisiya ilə tanış olublar.
Sonra onlara dünyanın məşhur muzeylərində sərgilənən eksponatlardan ibarət slaydlar nümayiş olunub və muzey əşyalarının növləri, xarakteristikası, tarixi, materialı, texnikası, orijinallığı, üslub və janrının təhlili ətrafında müzakirələr aparılıb. Həmçinin iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən cavablandırılıb.
Ustad dərsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.