Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 10-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında konsert təşkil edilib.
Tədbir əvvəlcə məktəb-studiyanın tədris işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova çıxış edərək ulu öndərin vətəninə, millətinə olan sonsuz sevgisindən bəhs edib. Bildirib ki, Heydər Əliyev hər zaman gənclərə öz dəyərli məsləhətlərini verərək, onları vətənə layiqli övlad olmağa səsləyib.
Konsertin ilk nömrəsi – ümummilli liderin çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısı məktəb-studiyanın vokal sinfi üzrə IX sinif şagirdi Gülnarə Salmanovanın ifasında səslənib.
Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Avropa və Rusiya bəstəkarlarının əsərlərinin də yer aldığı proqramda fortepiano ixtisası üzrə VI sinif şagirdləri – beynəlxalq müsabiqə laureatı Davud Ağalar və violin ixtisası üzrə beynəlxalq müsabiqə diplomantı Yusuf Məmmədli Cimmi Van Hyuzenin (Jimmy Van Heusen) "Polka Dots and Moonbeams" (“Xallar və ay işığı”) pyesini ifa ediblər. Nuray Abdullalı, Leyla Mirzəyeva və Xatun Quliyeva fleytada fransız bəstəkarı Leo Delibin “Lakme” operasından “Güllərin dueti”ni səsləndiriblər.
İngilis bəstəkarı Ceremayya Klarkın “Marş” pyesində orqan və saksofon alətlərinin birgə səslənməsi barokko dövrünün möhtəşəmliyini və müasir zəmanənin azad ruhunu özündə birləşdirərək ecazkar musiqi lövhəsi yaradır. Əsəri Fatimə Kələntərova (orqan) və İsa Kələntərov (saksofon) ifa ediblər. Beynəlxalq müsabiqələr laureatı Məhəmmədəli İbrahimov (ksilofon) və Ziya Hüseynovanın (marimba) ifasında P.Çaykovskinin “Qu gölü” baletindən parça, məktəb-studiyanın fortepiano ixtisası üzrə beynəlxalq müsabiqə diplomantı Şəhla Yusibova və Solmaz Əliyevanın ifasında isə Arif Məlikov “İki fortepiano üçün skertso”su səslənib.
Konsertin davamında məktəb-studiyanın elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova görkəmli bəstəkar Arif Məlikovun ulu öndərə həsr etdiyi “Səkkizinci simfoniya” ( “Əbədiyyət”) haqqında söz açıb, bildirib ki, əsərdə bəstəkar “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından istifadə edib. Sonra Aytən İbrahimovanın “Sarı gəlin” Azərbaycan xalq mahnısının ansambl (sekstet) üçün işləməsi dinlənilib. Əsəri fortepianoda müəllif Aytən İbrahimova və X sinif şagirdi Nurel Kərimova ifa ediblər. Onları violində Yusuf Məmmədli və Yasəmən Əhədova, fleytada Xatun Quliyeva, violonçeldə məktəb-studiyanın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Mustafayeva müşayiət edib.
Məktəb-studiyanın vokal ixtisası üzrə X sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov Müslüm Maqomayevin “Odlar yurdu” mahnısını məharətlə ifa etməsi dinləyicilərin ruhunu oxşayıb. K.V.Qlyukun “Orfey” operasından “Melodiya” orqanda beynəlxalq müsabiqələr laureatı Maryam Qədimova və fleytada Xatun Quliyevanın ifasında dinləyiciləri heyrətamiz musiqinin sehrinə salıb.
Proqramda daha sonra Nurel Kərimova fortepianoda rus bəstəkarı Sergey Raxmaninovun 4 saylı etüd-lövhəsini səsləndirib. Məktəb-studiyanın X sinif şagirdi Lalə Rüstəmxanlı babası – Xalq şairi Sabir Rüstəmxanlının “Millətəm” şeirini söyləyərək tamaşaçılarda xoş duyğular yaradıb.
Heydər Əliyev dühasını vəsf edən “Ulu bir sərkərdə, ulu bir öndər” kompozisiyası (söz – Qabil Ədalət, musiqi – Aytən İbrahimova) məktəb-studiyanın müəllimi Şəfəq Hacıyeva (vokal), Yusuf Məmmədli (violin), Xatun Quliyeva (fleyta), BMA-nın I kurs tələbəsi Tamirlan Baxşıyev (zərb alətləri) və məktəb-studiyanın xor kollektivinin ifasında konsertə rəng qatıb.
Konsert proqramı böyük maraqla qarşılanıb.
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının rəhbəri professor Tərlan Seyidov sonda çıxış edərək ümummilli liderin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil edilən və gözəl təəssürat yaradan konsertin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.