Mayın 13-də dünya şöhrətli bəstəkar və pedaqoq, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatları Qara Qarayevin (1918-1982) vəfatının 40-cı ili tamam oldu.
Bu münasibətlə dahi musiqiçinin Fəxri xiyabanda məzarı ziyarət edilib.
Anım mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna rolundan söhbət açılıb. Bildirilib ki, Qara Qarayev bəstəkarlıq məktəbinin yetirmələri bu gün Azərbaycan musiqisini dünyaya tanıdılmasına öz töhfələrini verirlər. İncəsənət xadimləri böyük musiqi xadimi ilə bağlı xatirələrini də dilə gətiriblər.
Qeyd olunub ki, dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikaları ilə yanaşı ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Bəstəkarın “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində bu gün də uğurla nümayiş olunur. Sənətkarın “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması, “Vyetnam süitası” və digər əsərləri də musiqi mədəniyyətimizi zənginləşdirən nümunələrdir. Qara Qarayev “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, teatr tamaşalarına da ölməz musiqilər yazıb.