Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mayın 13-də rəngarəng konsert proqramları ilə davam edib.
Festivalın ikinci günündə səhnədə ilk olaraq Bolqarıstandan olan “Trigaida” qrupu yer alıb. Maraqlı repertuarla çıxış edən qrup dinləyicilərinə özünün məşhur musiqilərini təqdim edib.
“Trigaida” Şərqi Avropada Bolqarıstanın kiçik və rəngarəng elektron musiqi istiqamətindən qaynaqlanan müasir musiqi layihəsidir. Folktronika triosuna multi-alət ifaçısı Georgi Marinov, folklor müğənnisi Asya Pinçeva və İvan Şopov daxildir.
Qrupun rəhbəri rəssam, musiqiçi, prodüser və bəstəkar İvan Şopovdur. O, həm solo, həm də qrup albomları buraxıb. Onun musiqi layihələri nağara və bas, IDM, caz, ambient, texno, rok və klassik musiqi kimi janrları əhatə edir. İvan Şopovu fərqləndirən cəhət ənənəvi bolqar folklorunu elektron musiqi və cazla qarışdırmasıdır.
Georgi Marinov və Asya Pinçeva Bolqar musiqisini dünyaya tanıdan, müasir klub musiqi üslubunu folk musiqisinə sintez edən “Oratnitza” musiqi qrupunun üzvləri olublar.
***
Şuşanın qala divarlarının yanında qurulmuş səhnədə Fransada yaşayan həmyerlimiz, caz pianoçusu, bəstəkar, beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli və onun qrupu yer alıb.
Qrupun ifasında cazla-muğamın sintezi, həmçinin Azərbaycan mahnılarının melodiyaları ilə dünya musiqisinin müxtəlif janrlarında, fərqli ritmdə, incəliklə harmoniyalaşdırılmış kompozisiyaları tamaşaçılara yüksək zövq bəxş edir. Bu dəfə tamaşaçılar üçün “Salam”, “Qara qaşın vəsməsi”, “Jamming Mugham”, “Mirror”, “Sarı Gəlin” kompozisiyaları səsləndirib
Etibar Əsədli Fransanın CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil məktəbinin məzunudur. Eyni zamanda Avropanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.
***
Festivalın ikinci günündə Cıdır düzündə qurulmuş böyük səhnədə Azərbaycanın “Cəngi” estrada folklor ansamblı, həmçinin xanəndə Qoçaq Əsgərovla, tarzən Arslan Növrəslinin etno-caz qrupu yer alıb.
Əvvəlcə “Cəngi” ansamblı maraqlı proqramla çıxış edib. Proqramda Cavanşir Quliyevin “Bura vətəndir”, Vasif Hüseynin “Hüzur”, Xalq mahnısı “Leyla”, Vaqif Mustafazadənin “Qafqaz”, Eduardo Di Capuonun “O sole mio”, Polad Bülbüloğlunun “Aman, aman ayrılıq”, Oktay Kazımovun “Dağlar” və Vaqif Gərayzadənin “Ya sənindir, ya mənim” mahnıları səslənib.
Konsert proqramı xanəndə Qoçaq Əsgərovla, tarzən Arslan Növrəslinin etno-caz qrupunun çıxışları ilə davam edib. Qrup “Bayatı kürd”, “Blues-muğam”, “Şur” və “Yallı” kompozisiyalarını ifa edib.
2006-ci ildə 1-ci Muğam Milli Televiziya Müsabiqəsinin qaliblərindən olan Qoçaq Əsgərov 2013-cü ildə BBC-nin təşkil etdiyi “Promenade” gecə konsertində Azərbaycan muğamını ilk dəfə olaraq “Royal Albert Hall”da səsləndirib. Festival və müsabiqələr laureatı olan Arslan Növrəsli tar alətində ilk dəfə olaraq harmonik caz standartlarını tətbiq etmiş ifaçıdır.
V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı mayın 14-də başa çatacaq.