Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən Şuşada təşkil olunan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatdı.

Mayın 14-də Cıdır düzündəki böyük səhnədə festivalın yekun konserti keçirildi. Konserti izləyənlər arasında mədəniyyət naziri Anar Kərimov, ölkəmizin Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, tanınmış mədəniyyət və incəsənət xadimləri vardı.

Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Ankara Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı (Türkiyə) və Gürcüstanın “Melitassi” folklor rəqs ansamblının çıxışları dinlənildi.

Proqramda Azərbaycan Dövlət Rəqs Ansamblı “Mənim Azərbaycanım”, “Qavalla rəqs”, “Şələqoy”, “Toy”, “Qazaxı”, “Bahar”, “Qaytağı”, Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı “Van yörəsi” , “Zeybek solo”, “Trabzon yörəsi”, “Melitassi” ansamblı isə “Xorumi”, “Kartuli”, “Acharuli”, “Jeirani”, “Svanuri”, “Karachogeli”, “Kintauri”, “Samaia” və “Kazbeguri” rəqsləri ilə səhnədə məharətlərini göstərdilər.

Bütün çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Kollektivin əsasını qoyanlardan biri də görkəmli rəqqas və xoreoqraf, Xalq artisti Əlibaba Abdullayev olub. Fəaliyyət göstərdiyi illər ərzində ansambl Azərbaycan incəsənətinin bənzərsiz xoreoqrafik ənənələrini, folklorumuzu, milli rəqslərimizin gözəlliyini və zərifliyini nümayiş etdirir. Davamlı olaraq dövlət tədbirlərində fəal iştirak edən kollektiv eyni zamanda ölkəmizi MDB respublikaları, ABŞ, İtaliya, Fransa, Portuqaliya, İspaniya, Norveç, İsveçrə, Belçika, İsrail, Hindistan, Nepal, Cənubi Koreya, Yunanıstan, İordaniya, Misir, BƏƏ, Çin, Vyetnam, İraq, Tunis, Əlcəzair, Mərakeş, Səudiyyə Ərəbistanı, Meksika, Braziliya, Kubada uğurla təmsil edib.

Ankara Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı Türkiyənin mədəni və folklor dəyərlərini yaşatmaq və tanıtmaq məqsədilə 1975-ci ildə yaradılıb. Kollektiv ölkə xaricində və daxilində çox sayda konsertlər verib. Kollektiv səciyyəvi türk xalq rəqslərini özünəməxsus şəkildə təqdim edir və repertuarında ölkənin fərqli bölgələrinin rəqsləri yer alır. Ansambl 60 ölkədə iki mindən çox konsert verib.

Gürcüstanın “Melitassi” folklor rəqs ansamblı nisbətən gənc kollektivdir. 2004-cü ildə yaradılan ansambl Gürcüstanla yanaşı xarici ölkələrdə də uğurlar qazanıb. Ansamblın tərkibi 2019-cu ildən əlavə peşəkar rəqqas, müğənni və musiqiçilərlə genişləndirilib.

***

Mayın 14-də günün birinci yarısında Cıdır düzündəki böyük səhnədə ölkəmizin folklor kollektivlərinin konserti keçirildi.

Konsertdə “Qorqud” folklor ansamblı (Bakı), xanəndə Rəvan Qaçayev, “Halay” talış folklor qrupu (Masallı), “Nənələr” ingiloy folklor qrupu (Balakən), “Adıgün” axıska türklərinin folklor qrupu (Saatlı), aşıq Elman Talıstanlı (İsmayıllı), “Cahan” avar folklor qrupu (Balakən), “Çeşmə” folklor ansamblı və “Hudulki” avar rəqs qrupu (Zaqatala) bir-birindən rəngarəng ifaları ilə çıxış etdilər.

Kollektivlərin ifasında “Lolo”, “Ləli”, “Halay”, “Şuşanın dağları”, “Çərkəz” rəqsləri, “Nonon bay” mahnısı, “Ordubadi”, “Şirvan gözəlləməsi” aşıq havaları, “Ey vətən! Süsən gülü” aşıq mahnısı, avar xalq rəqsi, digər mahnılar və rəqslər alqışlarla qarşılandı.

***

Həmin gün Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki heykəlinin qarşısında qurulan kiçik səhnədə festivalın misirli qonağı, müğənni, bəstəkar, multiinstrumentalist Həmzə Namirənin (Hamza Namira) də konsert proqramı oldu.

Musiqiçinin ifasında “Mawlood sanat 80”, “Estaezo”, “Setta Sabahan”, “Malesh” və digər Misir mahnıları səsləndi. Onun ifası alqışlarla qarşılandı.

Qeyd edək ki, Həmzə Namirə müasir ərəb musiqisinin məşhur simalarından biridir. Öz nəslinin üzləşdiyi bir sıra dilemmalardan yaxşı xəbərdar olan ifaçı yaradıcılığında Misir ənənəvi və xalq musiqisi, pop, rok və caz vasitəsilə bu mövzulara emosional və əhatəli şəkildə müraciət edir. 4 albom buraxan musiqiçinin mahnıları ərəb dünyasında böyük uğur qazanıb.

***

Mayın 13-də Üzeyir Hacıbəylinin heykəlinin qarşısındakı kiçik səhnədə “Pakistan rəngləri” (“Colors of Pakistan”) qrupu və Özbəkistanın “Bahar” Dövlət Rəqs Ansamblının çıxışları olub.

Pakistan təmsilçiləri tərəfindən “Sind”, “Balochistan”, “Pashtun KPK”, “Gilgit”, “Punjab”, “Bayot” rəqsləri təqdim olunub. “Bahar” ansamblı isə özbək ənənəvi musiqisi, “Katta oyin”, “Kongil taroniyası”, “Pilla”, “Ləzgi” Xarəzm, “Larzon” buxara, və “Fərqanənin rübaisi” rəqslərini ifa edib.

“Pakistan rəngləri” qrupu əsasən ölkənin Pəncab, Sindh, Puştun, Bəlucistan və Gilgit daxil olmaqla müxtəlif bölgələrinin xalq rəqslərini yüksək professionallıqla təqdim edir. Pəncab cəsur, qonaqpərvər xalqı, coşqun bayramları və şənlikləri ilə tanınır. Sindh sülh, sevgi, romantika, böyük mədəni və bədii dəyərlərin vətənidir. Puştun Pakistanın şimal-qərbi torpaqlarıdır. Puştun mədəniyyəti qədim həyat tərzi olan Paştunvaliyə əsaslanır. Bəlucistan da özünəxas bayramları ilə məşhurdur. Gilgit isə çoxşaxəli mədəniyyətə, etnik qruplara ev sahibliyi edir. Mədəniyyətlərin bu çoxluğu Gilgitin strateji yerləşməsi ilə əlaqədardır. Ənənəvi “Gilgit” rəqsi “Hareep” kimi də tanınır.

Özbəkistanın “Bahar” Dövlət Rəqs Ansamblı 1957-ci ildə yaradılıb. Qurucusu, bədii rəhbəri və baş xoreoqrafı SSRİ Xalq artisti Mükərrəm Turğunbayeva olub, hazırda onun adını daşıyır. Ansamblın bədii rəhbəri və baş xoreoqrafı Özbəkistanın Əməkdar artisti, Qaraqalpaqıstanın Xalq artisti Ziyoda Mədrəximovadır. Musiqi rəhbəri Özbəkistanın Əməkdar artisti Məhəmmədcan Şakirovdur. Ansamblın repertuarında 200-dən çox rəqs var. “Bahar” ansamblının repertuarı müasir özbək rəqsinin nailiyyətləri ilə özbək xalqının çoxəsrlik ənənəvi rəqs mədəniyyətini birləşdirir. Kollektiv tarixi, etnoqrafik və müasir xalq rəqsləri əsasında yeni məzmunlu səhnə rəqsləri yaradıb.

***

Xatırladaq ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. 1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. Festivalda Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qrupları iştirak ediblər. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyətə görə əsas konsertlər Ağdamda təşkil edilib. 1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən nümayəndələr qatılıb. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.

Dördüncü festival 1992-ci ilin mayında keçirilməli idi. Dünyanın 30-dan çox ölkəsindən qonaqlar dəvət edilmişdi. Həmin ilin 8 mayında Qarabağın baş tacı Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra təşkilat komitəsi festivalı ləğv etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra, 2021-ci ilin mayında “Xarıbülbül” festivalı yenidən əzəli məkanına – Şuşaya qayıtdı. Yağıdan qurtulan qala-şəhərimizdə ilk festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşdi. Bu il isə “Xarıbülbül” sənət şöləni yenidən beynəlxalq folklor festivalı formatında keçirildi.