Mayın 14-dən 15-nə keçən gecə İtaliyanın Turin şəhərində 66-cı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi gerçəkləşib.

25 ölkə təmsilçisinin səhnəyə çıxdığı final gecəsində Ukraynanın “Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə 631 səs qazanaraq birinci olub.

Böyük Britaniya (Sam Ryder – “Space Man” mahnısı) ikinci, İspaniya (Chanel – SloMo) üçüncü yeri tutub.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı olub.

Səsvermədə iştirak edən 40 ölkədən 19-u Azərbaycana səs verib: İspaniya - 12 xal; Serbiya - 12 xal; Yunanıstan - 12 xal; Kipr - 10 xal; San-Mariono - 7 xal; Böyük Britaniya - 7 xal; İsveç - 7 xal; Almaniya - 6 xal; Ukrayna - 5 xal; Şimali Makedoniya - 4 xal; Albaniya - 3 xal; Estoniya - 3 xal; Finlandiya - 3 xal; Bolqarıstan - 3 xal; Belçika - 3 xal; Malta - 2 xal; Avstraliya - 2 xal; Moldova - 1 xal; Monteneqro - 1 xal.

Beləliklə, növbəti ildə 67-ci “Avroviziya" mahnı müsabiqəsini qəbul etmək hüququnu Ukrayna qazanıb. Qeyd edək ki, 2004-cü ildən bu yana Ukrayna üçüncü dəfə “Avroviziya"nın qalibi olur. Lakin Ukraynada davam edən müharibənin “Avroviziya -2023”ün keçirilməsini nə dərəcədə mümkün edəcəyi suallar doğurur. Artıq indidən müsabiqənin ikinci olmuş Böyük Britaniyanın nümayəndələri gələn il “Avroviziya”ya ev sahibliyi etməyə hazır olduqlarını bildiriblər.

V.Kamal