Azərbaycan Yaradıcı Sənayelər Federasiyası respublikada fəaliyyət göstərən bir sıra nəşriyyatların nümayəndələri ilə görüş keçirib.

Mayın 13-də Milli Xalça Muzeyində təşkil olunan görüşdə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədri Vasif Eyvazzadə, Azərbaycan Nəşriyyatlar Assosiasiyasının sədri Şəmil Sadiq, “Hədəf”, “Parlaq İmzalar”, “Qanun”, “Alatoran” nəşriyyatları, “Altun”, “Qədim Qala” nəşriyyat evlərinin təmsilçiləri iştirak ediblər.

Görüşdə nəşriyyat və kitab sənayesi sahəsində aktual məsələlər, həmçinin son zaman xüsusilə aktual olan kağız idxalı və satışının ƏDV-dən azad edilməsi məsələsi müzakirə edilib. Sahənin çətinlikləri və imkanlarının öyrənilməsi məqsədilə əhatəli tədqiqat işinin aparılması qərara alınıb.

Qeyd edək ki, görüşün keçirildiyi gün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən kağız idxalı və satışının ƏDV-dən azad edilməsi ilə əlaqədar müvafiq qərar qəbul olunub.

Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 184 nömrəli Qərarı ilə “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı” təsdiq edilib.

Çoxdan gözlənilən bu qərar nəşriyyatlar tərəfindən məmnunluqla qarşılanıb.

Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 184 nömrəli Qərarı bu linkdə: https://nk.gov.az/az/document/6120/