Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd olunur. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) 11-ci konfransında təsis edilib. 1978-ci ildən etibarən dünyanın əksər ölkələri əlamətdar günü qeyd edir.

Muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etmək məqsədilə təsis olunmuş əlamətdar gün İCOM-un təşəbbüsü ilə hər il müəyyən deviz altında qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçiriləcək.

Bəs əlamətdar gün münasibətilə ölkəmizdə hansı tədbirlər keçiriləcək?

Sualımıza cavab almaq üçün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir neçə muzeylə əlaqə saxladıq.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli qeyd etdi ki, mayın 18-də mədəniyyət ocağında əlamətdar günə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı konsert proqramı təqdim olunacaq. Muzey və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək konsertdə 4 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Cəbrayıl rayon 7 illik musiqi məktəbinin müəllim və şagirdləri musiqi nömrələri və rəqslərlə muzey ziyarətçilərinin zövqünü oxşayacaq. Eyni zamanda həmin gün muzeydə “açıq qapı” olacaq.

***

Mayın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Şuşa musiqiçiləri” adlı sərgi açılacaq.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova dedi ki, sərgidə Şuşa musiqiçiləri – musiqişünas alim Mir Möhsün Nəvvab, xanəndə Keçəçioğlu Məhəmməd, bəstəkarlar Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, maestro Niyazi, xanəndə Xan Şuşinski və başqalarının həyat və yaradıcılığını əks etdirən və muzeyin kolleksiyalarında qorunan və nümayiş olunan eksponatlar təqdim ediləcək. Sərgilənən nümunələr musiqi alətləri, müəllif not əlyazmaları, şəxsi əşyalar, rəsm əsərləri, eskizlər, fotoşəkillər, kitablar, proqramlar, afişalar və s. əhatə edəcək.

Tədbirin bədii hissəsində muzeyin Qədim musiqi alətləri ansamblı və solistlər –Xalq artisti Teyyub Aslanovun, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında konsert proqramı təqdim olunacaq.

Mayın 18-də isə Musiqi Mədəniyyəti Dövlət Muzeyində və muzeyin filialları olan Niyazinin Mənzil-Muzeyi, Vaqif Mustafazadənin Ev-Muzeyi və Qara Qarayevin Ev-Muzeyində “açıq qapı” günü olacaq.

***

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin elmi katibi Aytən Məmmədova qəzetimizə bildirdi ki, əlamətdar günlə bağlı mayın 18-də mədəniyyət ocağında “Xan qızı” ədəbi-bədii kompozisiyası təqdim olunacaq: “Tədbir çərçivəsində muzeyimizin eksponatları əsasında Qarabağ mövzusuna aid əsərlərə çəkilmiş geyim və dekorasiya eskizləri sərgilənəcək, həmçinin muzey əməkdaşları tərəfindən bu məzmunda hazırlanmış videoçarx təqdim ediləcək. Həmin gün muzeyimizdə “açıq qapı” olacaq”.

***

Mayın 20-də Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək. Muzeyin mətbuat katibi Ülvinə Fərzəliyeva bildirdi ki, gənc nəsli milli mədəni irsimizin qorunması istiqamətində maarifləndirmək, onların diqqətini muzeylərin, tarixi abidələrin mühafizəsinə cəlb etmək məqsədilə “Danışan abidələr” adlı fotosərgi açılacaq. Sərgidə Qarabağın ermənilər tərəfindən işğalı dövründə dağıdılmış muzey və tarixi-mədəni abidələrimizin fotoları nümayiş etdiriləcək. Fotolardakı abidələr haqqında qonaqlara Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri məlumat verəcəklər: “Bununla yanaşı, Əməkdar rəssam Yelena Haqverdiyevanın tekstil vitrajların hazırlanması, Əməkdar rəssam Taryer Bəşirovun çətən üzrə ustad dərsləri keçiriləcək. Muzeyin balaca dostları üçün isə ekspozisiyada maraqlı və əyləncəli “kvest” oyunu təşkil olunacaq. Onlara “Şuşa İli” münasibətilə muzeyin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalça” marionet tamaşası göstəriləcək”.

***

Azərbaycan Milli İncəsənət Muzeyi də əlamətdar günü maraqlı proqram vəd edir. Mayın 18-də Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində İCOM tərəfindən hər il keçirilən multimedia layihəsi təqdim ediləcək. Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Rəfiyeva söylədi ki, COVİD-19 pandemiyası ilə əlaqədar ikillik fasilədən sonra, ənənəvi beynəlxalq “Muzeydə gecə” aksiyası yeni reallıq və rəqəmsal texnologiyalar vasitəsilə reallaşacaq. Həm muzeyin iş saatı uzadılacaq, həm də ziyarətçilərə sərbəst giriş imkanı yaradılacaq.

Beynəlxalq Muzeylər Gününün builki devizini əks etdirən qeyri-adi proqramda Fərhad Fərzəliyev, Günel Ravilova, Lyudmila Kristeseva və digər rəssam və müəlliflər multimedia instalyasiyaları, rəqəmsal layihələr, davamlı inkişaf və gender mövzularında əsərlərini təqdim edəcəklər. “Muzeydə gecə” multimedia aksiyası Mədəniyyət Nazirliyinin “Museum.az” platforması üzərindən işıqlandırılacaq.

Nurəddin Məmmədli