Bərdə Regional Mədəniyyət İdarəsinin (RMİ) yeni rəisi Vəsilə Möhsümova kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.

Görüşdə yerlərdəki mədəniyyət müəssisələrinin, ümumilikdə mədəni həyatın, bu sahədə maraqlı təşəbbüs və layihələrin kütləvi informasiya vasitələrində işıqlandırılması, media ilə əməkdaşlıq məsələləri ətrafında fikri mübadiləsi aparılıb.

Regional idarənin rəisi Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsində də rolunu, müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən jurnalistlərimizin də olduğunu xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan xalqı peşə borcunu yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olan şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini daim yad edəcək.

Mətbuat nümayəndələri çıxış edərək bildiriblər ki, belə görüşlər KİV ilə regional idarənin əməkdaşlığının daha səmərəli qurulmasına zəmindir. KİV təmsilçilərinin bir sıra təklifləri dinlənilib. Sonda xatirə şəkli çəkdirilib.