Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzi mayın 13-də İçərişəhər “Art Tower Gallery”də gənc yazarlara dəstək layihəsini təqdim edib.
Layihənin əsas məqsədi ölkəmizdə kitaba, mütaliəyə marağın artırılması, istedadlı insanlara dəstək verilməsi, onların geniş oxucu auditoriyasına tanıdılması üçün yeni imkanların yaradılmasıdır.
Təqdimat mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, filologiya elmlər doktoru, ədəbi tənqidçi Cavanşir Yusifli və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə diqqətə çatdırılıb ki, yazarlar Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzə müraciət edərək təklif olunan layihədən yararlana bilərlər. Burada yaradıcı şəxslərə kitab təqdimatları, imza günlərinin keçirilməsində məkan və texniki dəstək təklif olunacaq.
Yeni layihənin təqdimatı ilə yanaşı iki yazarın – İlham Əziz və Samirə Əşrəfin imza günü də baş tutub.
İlham Əziz yaradıcı fəaliyyətə gec başlasa da, ədəbi ictimaiyyətin diqqətini çəkə bilib. Ədəbi tənqidçilər haqqında təqdir yazıları yazıblar. İmza günündə oxuculara təqdim etdiyi “Şimşəkdən sonra” hekayələr toplusu onun ilk kitabıdır.
Samirə Əşrəf on ildən artıqdır ədəbi yaradıcılıqla məşğuldur. “Mənim üçün qızılgül” hekayələr toplusu müəllifin ikinci kitabıdır. Gənc yazar həmçinin jurnalist kimi fəaliyyət göstərir.