Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətə başlamasının 20-ci ildönümünü maraqlı aksiya ilə qeyd edib. Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki Qurban Abbasov adına Mədəniyyət evində fəaliyyət göstərən teatrın kollektivi yubiley münasibətilə rayon ərazisində “20 il üçün 20000 addım” adlı tədbir keçirib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının nümayəndələri, Suraxanı rayon Gənclər evinin fəalları və rayon sakinləri iştirak ediblər.
Tədbirdən öncə rayondakı Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsi ziyarət olunub.
Sonra Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən parkda bayram əhval-ruhiyyəli şou-proqram təqdim olunub. Müxtəlif musiqi nömrələri, Tofiq İsgəndərlinin iştirakı ilə illüziya və səhnəciklər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bakı Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan teatrın fəaliyyətinə göstərdikləri diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinə, YAP rayon təşkilatına minnətdarlığını bildirib.
İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva və YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək teatrın kollektivini yubiley münasibətilə təbrik ediblər.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və YAP rayon təşkilatının sədri Vüqar Seyidov teatr adından təşəkkürnamə ilə təltif ediliblər. İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva və YAP rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev “Teatrın dostu” nominasiyası üzrə təltif olunublar.
Sonda teatrın əməkdaşlarına fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub.