18 may tarixində muzeyləri ödənişsiz ziyarət edə bilərsiniz

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzey Şurasının (İCOM) təşəbbüsü ilə təsis olunub. Əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub.

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” aksiyası elan olunub. Vətəndaşlarımız və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.