Azərbaycan
18 may 1906 – Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906-1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində doğulub.
18 may 1933 – Tanınmış ədəbiyyatşünas, biblioqraf, tərcüməçi Əmin Tahir oğlu Əfəndiyev (1933-2014) Qax rayonunun İlisu kəndində doğulub.
18 may 2010 – Tanınmış aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 27.1.1939 – 18.5.2010) vəfat edib.
19 may 1898 – Xalq artisti, opera müğənnisi Hüseynağa Soltan oğlu Hacıbababəyov (1898 – 10.11.1972) Şamaxıda doğulub. Opera partiyaları ilə yanaşı, muğam və xalq mahnılarının mahir ifaçısı olub.
19 may 1910 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 – 1.4.1981) Göyçayda doğulub. “Qız qalası”, “Lenin”, “Qızılgül olmayaydı” poemaları, “Rənglər” şeirlər silsiləsi, “Vəfa”, “Görüş” pyesləri və s. əsərlərin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının sədri (1938-1939), Kinematoqrafiya naziri (1945-1948) olub.
19 may 1935 – Şair və tərcüməçi, Əməkdar incəsənət xadimi Vladimir Əbdüləzim oğlu Qafarov (1935 – 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.
19 may 1939 – Tanınmış yazıçı-publisist, türkoloq Əhməd bəy Ağaoğlu (Əhməd bəy Mirzə Həsən oğlu Ağayev; 1869, Şuşa – 1939) İstanbulda vəfat edib. “Kaspi”, “Həyat” qəzetlərinin redaktoru olub. İstanbul Universitetində dərs deyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Cümhuriyyətin süqutundan sonra Türkiyədə yaşayıb.
19 may 1959 – Xalq artisti Yeva (Yevgeniya) Nikitiçna Olenskaya (1900-1959) vəfat edib. Qubada doğulub. Azərbaycan dilini yaxşı bilib. 1919-cu ildən Azərbaycan Dövlət Dram Teatrının aktrisası olub.
20 may 1883 – Xalq artisti, vokalçı Konstantin Lvoviç Knijnikov (1883-1952) anadan olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
20 may 1888 – Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 9.7.1835 – 1888) vəfat edib. Doğma şəhəri Şamaxıda dəfn olunub. Lirik və satirik əsərləri ilə milli poeziyanı zənginləşdirən Şirvani Azərbaycan şairlərinin həyat və yaradıcılığı ilə bağlı “Təzkirə” nəşr etdirib.
20 may 1884 – Ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə anadan olub. “Molla Nəsrəddin” jurnalında məqalə və şeirləri dərc olunub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.
20 may 1907 – Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Əli qızı Rzayeva (1907 – 2.8.1969) Lənkəranda doğulub. Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Ögey ana”) çəkilib.
20 may 1920 – Tanınmış filosof, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Bahadur oğlu Göyüşov (1920-1984) Ağdam rayonunun Boyəhmədli kəndində anadan olub.
20 may 1923 – Dramaturq Rauf Əbdülbaqi oğlu İsmayılov (1923-1980) Bakıda doğulub. “İkinci ailə”, “Son məktub” pyesləri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub.
20 may 1929 – Folklorşünas alim Mürsəl İsmayıl oğlu Həkimov (1929-2006) Qazax rayonunun Kəmərli kəndində doğulub.
20 may 1940 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Atakişiyev (1940 – 27.9.2012) Füzuli rayonunda anadan olub. Musiqili Komediya, Ağdam, Gəncə teatrlarında çalışıb.
20 may 1945 – Rejissor, ssenarist, publisist Davud Hüseyn oğlu İmanov (1945-2002) anadan olub. Bədii (“Zirzəmi”), sənədli ( “Sumqayıtın əks-sədası”) filmlər, “Mozalan” kinojurnalı üçün süjetlər çəkib.
20 may 2021 – Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov (18.7.1940-2021) vəfat edib.
Dünya
18 may 1048 – Fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 1048 – 4.12.1131) anadan olub.
18 may 1869 – Ləzgi Xalq şairi, aşıq Süleyman Stalski (Həsənbəyov; 1869-1937) anadan olub.
18 may 1872 – İngilis filosofu, riyaziyyatçı, ictimai xadim, ədəbiyyat üzrə Nobel mükafatı (1950) laureatı Bertran Rassel (Bertrand Arthur William Russell; 1872-1970) anadan olub.
19 may 1762 – Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762-1814) anadan olub.
19 may 1898 – İtalyan yazıçısı və mütəfəkkiri Yulius Evola (Julius Evola; 1898-1974) anadan olub.
20 may 1799 – Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 1799 – 18.8.1850) anadan olub. “Bəşəri komediya” silsiləsindən romanların müəllifidir.
20 may 1804 – Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.
20 may 1882 – Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1928) laureatı Siqrid Unset (Sigrid Undset; 1882-1949) anadan olub. “Kristin, Lavransın qızı”, “Ulav və onun uşaqları” və s. tarixi romanların müəllifidir.
20 may 1923 – Cənubi Afrika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer; 1923 – 13.7.2014) anadan olub.
Hazırladı: Vüqar Orxan