Nəriman Nərimanovun Xatirə Muzeyində 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev də iştirak edib.
Muzeyin direktoru Ləman Hüseynova tədbiri açaraq Beynəlxalq Muzeylər Günü münasibətilə bu sahədə çalışan hər kəsi təbrik edib. Sonra “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş olunub.
Tədbirdə iştirak edən Xalq şairi Nəriman Həsənzadə Heydər Əliyevin ziyalılara, sənət adamlarına göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Professor Fuad Məmmədov Heydər Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs edib.
Baş idarənin rəisi İbrahim Əliyev çıxış edərək bildirib ki, görkəmli şəxsiyyətlərimizin adının əbədiləşdirilməsi ilə bağlı xatirə, ev-muzeylərinin yaradılması Heydər Əliyevin xalqımızın say-seçmə övladlarına verdiyi yüksək qiymətin nəticəsidir. Vurğulanıb ki, muzeylər tariximizi yaşadan bir məkandır, muzeyləri qorumaq, inkişaf etdirmək bizim borcumuzdur.
Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri tərəfindən “Bayatı-Şiraz” muğamı və “Qarabağ şikəstəsi” ifa edilib. Azərbaycan Dövlət Akademik Filarmoniyasının aparıcısı Səmray Əliyeva Nəriman Həsənzadənin “Azərbaycan” şeirini söyləyib.