Xalq rəssamı, görkəmli tişə ustası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  professoru, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyev Dünya Rəssamlıq Akademiyasına həqiqi üzv seçilib. Bir ölkə üçün milli mütərəqqi, ümumbəşəri mənəvi dəyərləri qoruyub saxlayan, onları hifz edən başlıca amillərdən biri, bəlkə də birincisi onun mədəniyyəti və incəsənəti ilə bağlı inkişafıdır.

Natiq Əliyev ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycan plastika sənətinin adını yüksək tutan sənətkarlardandır. Onun müəllifi olduğu əsərlər – Sankt-Peterburqda 1941-1945-ci illər müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə (1985), Kiyevdə (2004), Tiflisdə (2007), Həştərxanda (2010), Belqradda (2011) ümummilli lider Heydər Əliyevin abidələri, Xocalı soyqırımına həsr olunmuş Sarayevo (2012), Mexiko (2012) və Ankarada (2013) monumentlər, Üzeyir Hacıbəylinin Serbiyanın Novi Sad şəhərində (2011) qoyulmuş heykəli və digər bir sıra tanınmış şəxslərin xatirəsinə həsr olunmuş abidələr Azərbaycan müasir plastika sənətinin dünyada tanınmasına zəmin olan nümunələrdir.

Natiq Əliyevin yaradıcılığının başlıca xüsusiyyəti ondan ibarətdir ki, onun yaradacağı heykəl harada qoyulacağından asılı olmayaraq – istər ucqar kənddə və yaxud şəhər mərkəzində olsun – hər birinə sənətkarın münasibəti eynidir, heykəllərin hər biri yüksək   sənət nümunəsidir. Qazax şəhərində qoyulmuş aşıq Ədalətin qəbirüstü abidəsində, I Fəxri xiyabanda Xalq artisti Habil Əliyevin, akademik Rəfiqə Əliyevanın, Xalq şairi Zəlimxan Yaqubun, Xalq yazıçısı İlyas Əfəndiyevin, Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidələrində sənətkarın sənətə münasibəti açıq duyulmaqdadır. Natiq Əliyevin yaradıcılığında monumental heykəltəraşlıqla yanaşı, memarlığın bir hissəsinə çevrilmiş memorial-xatirə lövhələri də geniş yer tutur. Bu səpkili əsərlər arasında onun Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə, Şövkət Ələkbərova, Mirvarid Dilbazi və başqa görkəmli şəxsiyyətlərlə bağlı memorial lövhələri, estetik görünüşü və bədii konsepsiyası ilə yerləşdiyi memarlıq mühitinin görkəminə uyğun gəlməklə bərabər, Bakı sakinlərinin və qonaqlarının gözünü oxşamaqdadır.

Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Bu isə yaradıcı şəxs üçün böyük motivasiyadır. İncəsənət nümayəndələrini daima diqqətdə saxlayan dövlət başçımız İlham Əliyevin sərəncamı ilə Natiq Əliyev 2005-ci ildə Azərbaycan təsviri sənətində göstərdiyi xidmətlərə görə “Xalq rəssamı” fəxri adı , 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Qazandığı növbəti uğur münasibətilə görkəmli heykəltəraşımızı ürəkdən təbrik edir, ona yaradıcılığında hər zaman yüksək zirvələri fəth etməyi arzu edirik. Yaradan əllər var olsun!

Nərminə Rzayeva
ADRA-nın İncəsənət tarixi kafedrasının müəllimi