Hər şeyin ifratı pisdir, ziyanlıdır. O cümlədən sevgi və qısqanclığın. Sonda ya yandırıb kül edir, ya da divanəyə çevirib çöllərə salır. Əslində, indi infantillik edən, uzaq gənclikdəki, dəliqanlı çağlardakı rəngli sevda arzulu adamlar da çox deyil. Axtarsan aramızda bir dəsmalı bəhanə edib sevdiyi qadını boğanı avara-gor adlandıranlar da xeylidir. Üstəlik, yeni düşüncəli gənclik bir cıqqan qısqanclıq kandarında ilişənlərə “Sən də Otello sindromuna tutuldun” deyib məzəmmət edir...

Əslində, ilin günün bu vədəsində kilometrlərlə yol getmək, ölkənin bir başından o biri başına “Otello”nun arxasınca “düşmək” də bir az klassik romantizmdir. Pisdirmi? Yox, əlbəttə. Amma müəyyən təzad qığılcımları da var və onu yazının yazılmayan təəssüratında gömürəm...

Mingəçevir Dövlət Dram Teatrı daim diqqət mərkəzimdə olan sənət ocaqlarındandır. İşıqlı şəhər dediyimiz Mingəçevir kimi onun insanları da maraqlı, sənətsevərdir. Daha doğrusu, mədəni istirahətinə zaman ayıracaq qədər rahat. Hə, indi deyə bilmərəm ki, teatr rəhbərliyi, yaradıcı heyət onları park və meydanlardan tamaşa salonuna yığmaq üçün nə dərəcədə maraqlıdır və bunun üçün hansı addımlar atır. Amma görünən odur ki, şəhərdə kifayət qədər potensial yeni nəsil tamaşaçı var və onların istirahət üçün ayırdıqları büdcədən teatra qıymazlıq edəcəklərini düşünmürəm.

Etiraf edim ki, bu kimi fikirlər yola çıxandan beynimin əsas hissəsini zəbt etmişdi. Tamaşadan bir neçə saat əvvəl binanın qarşısındakı sükutu, kassanın önündəki kimsəsizliyi görəndə isə qəribə hisslər keçirdim. Hətta Mingəçevir bulvarındakı insan seli arasından keçdikcə “Kaş, heç olmasa, bunların 30-40 nəfəri teatra gələ” arzusunda bulunmuşdum.

Budur, vədə yetişdi və teatrın sənət sevdalı yeni baş rejissoru, mənə görə fədakarlar qismindən olan Vüsal Mehrəliyev səhnəyə qalxdı. Zala özünəməxsus salamlama etdi. Buna qısa zamanda tanıdığı heyəti, onlardan əvvəl sevdiyi şəhəri və sakinləri, sıx tellərlə bağlandığı teatrı, klassikanı, nəhayət, Şekspiri də qoşdu. Beləcə, həm özünü, həm də heyətini imtahana hazırlaşan tələbə ruhu, səmimi həyəcanı ilə tamaşaçısına təqdim etdi.

“Yad” adı verilən tamaşa Vilyam Şekspirin məşhur “Otello”su əsasında hazırlanıb. Quruluşçu rejissoru Vüsal Mehrəliyev, quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulovdur.

Rejissorun birhissəli səhnə versiyasında rolları əsas etibarilə gənc aktyorlar oynayırlar. Əksəriyyəti həvəskarlardan ibarət heyətin rol bölgüsü  də maraqlı idi. Rejissor obrazların xarakteri ilə yəqin ki, aktyorlarının potensialını düzgün tarazlamışdı. Ona görə də ön plana çıxardıqlarına izafi yük verməmişdi. Dolayısı ilə, baş rol, ikinci-üçüncü dərəcəli obraz, əsas plan, ana xəttin daşıyıcısı kimi anlayışlar hakim deyildi.

Odur ki, Asim Əmirov (Otello), Vüsalə Quliyeva (Dezdemona), Hüseyn Mustafayev (Yaqo) və Afiq Yusifov (Kassio) arasında bölgü apara bilmədik. Bu mənada düşünürəm ki, təxmini eyni energetika və potensialda heyət ilə işləyən rejissorun bundan başqa da çıxış yolu yoxdur.

Digər rollara gəlincə, tamaşanın Venesiya Hersoqu Paşa Salmanov, Brabansiosu Elvin Əkbərli, Senatoru Amil Fərzəliyev, Rodriqosu Eyvaz Əliyev, Montannosu Turqut Məsimli, Emilyası Vəfa İsmayılova (dəvətli), Biyankası Ceyhun Əhmədov (bu mövzuya sonda qayıdacağam) idi.

Ondan başlayım ki, arzum çin olmuşdu. Zalda, demək olar ki, boş yer yox idi. Əksəriyyəti də gənclər. Qaranlıqda muncuq kimi parıldayan gözlər səhnəyə zilləndi. Ani keçid ilə bayaqdan səhnənin ortasında qopacaq qiyamətin girişini ifadə edən konstruksiya – ciblərdən başlar çıxdı. Beləliklə, biz başladıq.

Onu da deyim ki, tamaşa haqqında bir kəlmə də tənqidi fikir yazmayacam. Qüsurlar yox idi deyə sual olarsa, kifayət qədər sadalanacaq məqamlar gözə dəyirdi. Amma, gəlin,  səhrada çiçək bağçası yaratmaq arzulu insanları bu dəfə sadəcə, təsvir edək.

Tamaşanın əvvəlindən rejissor bizə öz versiyasına qatdığı xüsusiyyətlərin ip uclarını verdi və təbii ki, bunu çoxumuz anladıq. Faciənin bütün iştirakçıları ağ qrimdə-maskada idilər. Ümumən tamaşanın rəngi daha çox tünd-qara, qəhvəyi, göy idi və buna görə də “qara ruhlu adamların bəyaza saldığı ləkəni təmizləmək elə də asan olmur” düşüncəsi mərkəzə çıxdı.

İlk xoreoqrafik elementdə xain Yaqo eşq əbləhi Otellonun üz-gözünü asanlıqla qaraladı. Dekorasiyanın, əslində, texniki baxımdan funksional və bir az da ekssentrik dekorun önünə qoyulan masa üzərindəki örtük qalxır və hər obraz öz rekvizitini götürür. Boş masanın üzərində yalnız qırmızı lent qalır və aktyor onu nümayişkaranə, bir az da ehtiraslı elementlər qataraq baldırına bağlayıb səhnədən çıxır. Aydındır, bizi aktyor-rejissorun sonuncu təhsili müddətində təsirləndiyi formalardan elementlərlə keçid gözləyir.

Əslində, bunu dekorasiyadan da sezmək olardı və daha çox hücrə teatr tərtibatına xas forma səhnədən elə də yad görünmürdü. Elə aktyorların geyimləri də. Səhnə tərtibatı ağ və qaranın, xeyir ilə şərin mübarizə meydanına oxşayırdı. Qara fona yuxarıdan asılmış üç ağ pərdə və səhnədəki evə (meydan, şəhər, gəmi, liman, ümumən vəziyyətdən asılı olaraq funksiyası dəyişən dekor-dəzgah) dolanmış kəndirlər vizuallığa önəm verən tamaşaçıya hesablanmışdı.

Ümumən son zamanlar qonum-qonşuda, eləcə də Avropa teatrlarında daşınan iri dekorlardan, ağırlıqdan arınması yaxşı haldır. Bunu mingəçevirli rəssamın duyması da. Sadəlik, ümumən postdramatik teatrın az qala sıfır tərtibat tələbi başa düşüləndir. Çünki istənilən mövzunun, xüsusən klassik əsərin, elə götürək bəlkə yüzlərlə quruluşu olan “Otello”nun ənənəvi səhnə tərtibatını vermək izafi zaman və vəsait itkisidir. Həm də müşküldür. Çünki o ranqda quruluşçu rəssamlar artıq heç gündüz də çırağa “gəlmir”.

Qayıdaq rejissor versiyasına. Mövzu hamımıza bəllidir. Amma yenə də üzərindən keçək. Təbii ki, quruluş müəllifinin versiyasını irəli çəkmək üçün.

Baxın, postdramatik teatr meyillərinin tüğyan etdiyi, klassikanın sıxışdırıldığı, yaxud üzərində xeyli əməliyyatlar aparılaraq öz donundan çıxdığı bir məqamda yenə də ona – Şekspirə, onun əsərlərinə, xüsusən lənətlənərək sevilən, sevilərək inkar olunan, imtina olunduqca daha çox mənimsənilən “Otello”suna maraq itmir ki, itmir. Bu gün məhz həmin əsər ən müxtəlif versiyalarda dünya səhnələrini dolaşır.

Təbii ki, istənilən teatr adamının – səhnəyə ayaq basıb, hələ mizanlarını düzgün müəyyən edə bilməyən gənc rejissorundan səsi 4-cü oturacaqdan o yana keçməyib, ayağı-ayağına dolaşan gəncinədək hamısının arzusu “Otello”nu qoymaq, Otellonu oynamaq, Otello olmaqdır. Bunun şan-şöhrət vədindən başqa bir mistikası da var.

Vüsal Mehrəliyev isə məsələyə arzu-həyəcan rakursundan baxmayıb. Onu zaman məngənəsində sıxdıqca sıxıb. Bizə əsas mətləbləri ötürüb:  insanın daxilini əsir edən naqisliklərə –  ağalığa, xəbisliyə, qısqanclığa, lovğalığa, xudbinliyə, şöhrətpərəstliyə qarşı müqavimətini.

Biz burada ayrı-ayrı qəhrəmanların timsalında insan faciələrinin əlvan çeşidlərini də görürük.  Sevgisinə, sadiqliyinə rəğmən sevdiyinin öldürdüyü Dezdemona, sevdasına bütün mənalarda qurban gedib, özünü öldürən Otello, xudbinliyin girdabında boğulan Yaqo, divanəliyin məhv etdiyi Rodriqo və ağılsızlığı ucbatından yanlışlarını görməyən Emilyanın simasında biz insanın özü ilə mübarizəsində daim ən böyük məğlubiyyəti daddığını görürük.

Ümumi planda götürsək, rejissor öz istəyinə nail olmuşdu: klassikaya toxunmadan çağdaş tamaşaçı üçün maraqlı həllə nail olub. Üstəlik, məhdud imkanlar və nisbətən adekvat görünməyən (söhbət məhz bu əsərdən gedir) heyətlə baxımlı tamaşa ərsəyə gətirib.

Nəzərə alsaq ki, əsər nəzmlə yazılıb və təxminən iki saat aktyorlar özləri və tərəf-müqabilləri, üstəlik tamaşaçıları ilə sözün birbaşa mənasında oynamalıdırlar, bu zaman məsələnin mahiyyəti dəyişir. Artıq oyunçudan dinamika, təsirli və ifadəli oyunla yanaşı, ümumi ovqata hakimlik də tələb olunur. Bu mənada mənə görə, Mingəçevir teatrının “Yad”ının səhnədəki prosesə ən doğması bizə Yaqonu sevdirən, hətta ona bəraət də istəyən ifaçı idi.

Rejissor istəməsə də, gənc aktyor özünü bu yükün altına ürəklə vermişdi. Öhdəsindən gələcəyinə məhz ən çox özünün inandığı üçün. Bu məqamda dəvətli Vəfa İsmayılova (Emilya) da arzu olunan qonaq hesab edilə bilər. Klassik teatr fədailərimz kimi qadın qiyafəsində bir az məyus, bir az da inadkar görünən Ceyhun Əhmədov (Bianka) isə mübaliğəsiz tamaşanın qurbanı idi. Tamaşaçının fərqinə varmadan güdaza verdiyi qurbanı. Nə bilim, bəlkə də rejissorun...

Yazının adını təsadüfən seçmədim. Məncə, sevmək lazımdı. Amma sindroma çevriləcək qədər yox. Bu mənada istər Vüsal Mehrəliyevə, istərsə də onun sənətdaşlarına çıxdıqları bu yaradıcılıq sevdası yolunda qarşılıqlı məhəbbət diləyirəm. Bir də dözüm. Özü də məharətlə müqavimət və inadla mübarizə dözümü. 

Həmidə Nizamiqızı
Mingəçevir-Bakı

P.S. Mingəçevir teatrında aktrisa qıtlığı probleminə isə qayıdacağıq...