İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin parlament heyətləri Şuşaya səfər ediblər
Ötən ilin iyunundan sonra yenə Şuşaya gəldik. Həqiqətən, çox genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, dağıdılan yollar, məhv edilən binalar sürətlə təmir edilir. Tarixi abidələr yenidən bərpa olunur. Burada çox böyük dağıntılar var. Bu həqiqətlərin, dağıdılmış bütün abidələrin, tarixi əsərlərin dünyaya çatdırılması lazımdır. Şuşa, əslində, açıq hava altında muzey kimi bir yerdir.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu sözləri mayın 18-də Şuşada jurnalistlərə müsahibəsində deyib.
Mustafa Şentop qeyd edib ki, indi bütün dünyada özlərini “mədəni toplum” kimi göstərməyə çalışanların mədəni irsə qarşı törətdikləri cinayətləri Şuşada da görə bilirik. Bunun bütün dünyaya çatdırılması lazımdır. Biz bununla bağlı beynəlxalq simpozium təşkil edəcəyik. Tədbirin bir və ya iki panel iclasını da Şuşada təşkil etməyi planlaşdırırıq.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Bakıda keçirilən konfransının iştirakçıları – Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament nümayəndə heyətləri mayın 18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olublar. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər müşayiət ediblər.
Qonaqlar əvvəlcə Bakıdan təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Onlara 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə – doqquz ayda tikilərək istifadəyə verilmiş hava limanının texniki imkanları barədə məlumat verilib. Bildirilib ki, Qarabağın “hava qapısı” adlandırılan Füzuli aeroportu ən müasir səviyyədə inşa olunub və istənilən tip hava gəmisini qəbul etmək imkanları var.
Sonra qonaqlar Füzulidən Şuşaya yola düşüblər. Nümayəndə heyətlərini Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayaraq, onlara Qala divarları, şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda burada aparılan quruculuq işləri barədə danışıb. Diqqətə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur. Bərpa olunmuş tarixi abidələr, tikiləcək yeni yaşayış binaları barədə də məlumat verilib.
Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını seyr edib, şəhər meydanı yanında yerləşən Xüsusi nümayəndəliyin binasında aparılan bərpa işləri ilə tanış olublar. Şəhər meydanında onlara Azərbaycanın görkəmli ədəbiyyat və mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.
Məşhur fotojurnalist Reza Deqati heykəllərin önündə qonaqlara Şuşada, həmçinin Vətən müharibəsi dövründə çəkdiyi fotoları nümayiş etdirib, Azərbaycan əsgərlərinin rəşadəti, azərbaycanlıların sülhsevərliyi barədə fikirlərini bölüşüb. Burada qonaqlar onları müşayiət edən media nümayəndələrinə Şuşaya səfərləri barədə təəssüratlarını danışıblar.
Şuşa şəhərində gəzinti zamanı qonaqlara ermənilərin mədəniyyət abidələrimizə vurduqları ziyan, qədim artefaktlarımızı saxtalaşdırmaları barədə də məlumat verilib.
Parlamentarilər Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri ilə də tanış olublar. Bildirilib ki, bu məscidlərdə təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır. Diqqətə çatdırılıb ki, bu günlərdə Prezident İlham Əliyev Şuşa şəhərində tikiləcək yeni məscidin təməlini qoyub.
Sonra parlament nümayəndələri Cıdır düzündə olublar. Bildirilib ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü, işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.