Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elan etdiyi “Nəşrlərin satınalınması müsabiqəsi” sona çatıb.
Kitabxanadan bildirilib ki, bir ay müddətində davam edən müsabiqənin əsas məqsədi oxucu kontingentini və mütaliə tələbatını nəzərə almaqla, fondu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirməkdən ibarətdir.
Müsabiqəyə 14 nəşriyyat və üç müəllifdən 398 adda kitab daxil olub. Müsabiqəyə daxil olan kitablar arasında ali məktəb dərslikləri, müxtəlif mövzuları əhatə edən ensiklopediyalar, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı zəfər tarixinə həsr olunan əsərlər üstünlük təşkil edir.
Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yaradılan Nəşriyyat məhsullarının satınalınması üzrə komissiya həyata keçirib. Əsasnaməyə uyğun olaraq, dəyərləndirmə müddəti ərzində komissiya tərəfindən müsabiqəyə daxil olan kitablar arasından seçim edilib.
Xatırladaq ki, müsabiqənin şərtlərinə əsasən, komissiya tərəfindən seçilən nəşrlərdən minimum 15 nüsxə alınacaq.