Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

217 il əvvəl...

21 may 1805-ci ildə Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şəki xanlığının Rusiyaya birləşdirilməsinə dair ikinci Kürəkçay müqaviləsi bağlanıb. Mayın 14-də bağlanan birinci müqavilə ilə Qarabağ xanlığı Rusiyaya ilhaq edilmişdi. Şəki hakimi Səlim xan və Rusiyanın Qafqaz qoşunlarının komandanı general Sisianov tərəfindən imzalanan müqaviləyə əsasən, ruslar xanlığa nisbi özünüidarə vəd etmişdi. Lakin bu, işğalı pərdələmək üçün idi. Gəncə (1804), Qarabağ və Şəki xanlıqlarını (1805) ələ keçirməklə Rusiya Azərbaycan torpaqlarının istilasını genişləndirdi.

 

178 il əvvəl...

24 may 1844-cü ildə ixtiraçı Semuel Morze ilk elektromaqnit rabitə xəttinin (teleqraf) istifadəyə verilməsi üçün ABŞ hökumətindən maliyyə dəstəyi alıb. 60 kilometr uzunluğunda elektromaqnit rabitə xətti Vaşinqton və Baltimor şəhərləri arasında quraşdırılıb. Tezliklə Morzenin ixtirası dünyaya yayıldı və təxminən bir əsr ərzində teleqraf dünyada yeganə rabitə vasitəsi oldu.

 

112 il əvvəl...

24 may 1910-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk musiqili komediyası – “Ər və arvad” əsəri səhnələşdirilib. Azərbaycanda ilk milli operettanın tamaşası Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilib. Əsas rollarda H.Sarabski (Mәrcan bәy), Ә.Ağdamski (Minnәt xanım) çıxış edib.

 

102 il əvvəl...

24 may 1920-ci ildə Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Gerçəkdə isə neft bolşevik Rusiyasının nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik V.Lenin tərəfindən Bakıya göndərilən A.Serebrovskiyə tapşırılmışdı.

 

99 il əvvəl...

23 may 1923-cü ildə Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) təntənəli açılışı keçirilib. Kitabxana Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında yerləşirdi. 1939-cu ildə kitabxanaya mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundzadənin adı verildi. 1961-ci ildə isə kitabxana indiki binasına köçdü.

 

73 il əvvəl...

23 may 1949-cu ildə Almaniya Federativ Respublikasının Konstitusiyası qəbul edilib və Almaniyanın ikiyə bölünməsi rəsmiləşib. ABŞ, Britaniya və Fransanın nəzarətində olan sektorlarda AFR-in (Qərbi Almaniya) yaradılmasından sonra SSRİ-nin nəzarətində olan Şərqi Almaniyada sosialist yönlü dövlət – Almaniya Demokratik Respublikası (7 oktyabr 1949-cu il) yarandı. 1990-cı ilin 3 oktyabrında iki Almaniya birləşdi.

 

32 il əvvəl...

22 may 1990-cı ildə Yəmən Ərəb Respublikası (Şimali Yəmən) və Yəmən Xalq Demokratik Respublikası (Cənubi Yəmən) birləşib, vahid Yəmən Respublikası yaranıb. Ərəbistan yarımadasında yerləşən Yəmən XVIII əsrdən Osmanlının nəzarətində idi, 1839-cu ildə cənub Britaniya protektoratlığına keçmişdi. 1918-ci ildə Şimali Yəmən, 1967-ci ildə isə Cənubi Yəmən müstəqillik qazanmışdı.

 

29 il əvvəl...

24 may 1993-cü ildə Afrikanın şimalında yerləşən Eritreya müstəqil dövlət olub. Əvvəl İtaliyanın, İkinci Dünya müharibəsindən sonra isə Britaniyanın nəzarətinə keçmiş Eritreya 1952-ci ildən Efiopiya ilə federativ əsasda birləşmişdi.

 

28 il əvvəl...

22 may 1994-cü ildə beynəlxalq birlik Yuqoslaviyanın parçalanması faktını tanıyıb. Bosniya və Herseqovina, Xorvatiya və Sloveniya BMT-yə qəbul edilib. Lakin bu qərar Balkanlarda qanlı müharibənin qarşısını ala bilmədi.

 

20 il əvvəl...

22 may 2002-ci ildə Vatikan dövlətinin başçısı, Roma Papası II İohann Pavel Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib. Bu, dünya katolikləri liderinin tarixdə Azərbaycana ilk gəlişi, müsəlman ölkələrinə etdiyi azsaylı səfərlərdən biri idi.

Hazırladı: V.Orxan