2023-cü ildə Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olması ilə bağlı TÜRKSOY tərəfindən zəngin proqram tərtib ediləcək.
Bu barədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdə bildirib.
Sultan Raev Şuşa şəhərində təşkil olunan “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə gəlib.
Sultan Raevi TÜRKSOY-un Baş katibi seçilməsi münasibətilə təbrik edən Ceyhun Bayramov Azərbaycanın təşkilatla əməkdaşlığa verdiyi yüksək önəmi vurğulayıb. Bildirib ki, Baş katibin Şuşaya səfəri eyni zamanda azad edilmiş ərazilərdəki vəziyyət, o cümlədən orada aparılan genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanı olacaq.
Görüşdə həmçinin gələn il TÜRKSOY-un 30 illiyinin qeyd edilməsi, Azərbaycanın təşkilatla fəal əməkdaşlığı, türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində işlərin görülməsi kimi mövzular üzrə fikir mübadiləsi aparılıb.