Mayın 18-də Bakıda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Litva karaimləri” adlı sərginin açılışı olub. Litva Respublikasının birinci xanımı Diana Nausediene sərginin açılışında iştirak edib.
Fondun prezidenti Günay Əfəndiyeva qonağa qurumun fəaliyyət istiqamətləri, türk xalqlarının maddi mədəni irsinin beynəlxalq aləmdə təbliği məqsədilə keçirilən tədbirlər, yayımladıqları nəşrlər barədə məlumat verib. Bildirilib ki, ötən il Litva ilə bu ölkədəki türk əsilli tatar və karaimlərin mədəni irsinin qorunması və təbliğinə dair əməkdaşlıq memorandumu imzalanıb. 2021-ci ilin “Litva tatarları İli” elan olunması ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Litva tatarları” adlı sərgi də açılıb.
Litvanın birinci xanımı Diana Nausediene iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərin inkişafı baxımından belə tədbirlərin önəmini vurğulayıb.
Sonra sərgi ilə tanışlıq olub. Qeyd edilib ki, sərgi Litvada yaşayan türk milli azlıqların – karaimlərin tarixinin, mədəniyyətinin qorunması və təbliği məqsədi daşıyır.