Milli Kitabxana Cavidin 140 illiyi münasibətilə elektron məlumat bazası hazırlayıb
Bu il görkəmli şair, dramaturq Hüseyn Cavidin (1882-1941) anadan olmasının 140 illik yubileyidir. Əlamətdar yubileylə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı tərtib olunub. Tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı – Hüseyn Cavid” adlı elektron məlumat bazası hazırlayıblar.
Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Hüseyn Cavidin cənazəsinin Azərbaycana gətirilməsi”, “Görkəmli şəxslər Hüseyn Cavid haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi” və “Fotoqalereya” bölmələrindən ibarətdir.
Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub. Sənətkarın dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.
Hüseyn Cavid Azərbaycan ədəbiyyatına ilk dəfə olaraq sonet, marş, şərqi-türkü, mənzum dram kimi janrları gətirib. Ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyası mühüm rol oynayıb. “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Topal Teymur”, “Səyavuş” və “Xəyyam” kimi dramları, “Azər” poeması, habelə lirik-fəlsəfi şeirləri ilə Hüseyn Cavid öz adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə əbədi həkk etdirib.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/HuseynCavid/index.html linkindən istifadə edə bilərlər.